"Report" xəbər verir ki, Milli Məclisə keçirilən növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar keçirilən tədbirdə Almaniyadan olan beynəlxalq müşahidəçi, Almaniya Xarici İşlər Nazirliyinin keçmiş dövlət katibi Volf-Ruthart Born Azərbaycanda keçirilən seçkilərdə ikinci dəfədir müşahidəçi kimi iştirak etdiyini bildirib:
"Bu seçkidə qısamüddətli müşahidəçi kimi iştirak etmişəm. Biz Azərbaycan hökumətinə dəvət üçün təşəkkür edirəm. Seçkini Bakı və Sumqayıtdakı məntəqələrdə müşahidə etdik. Bu gün həm də Dağlıq Qarabağ zonası üzrə bir seçki məntəqəsində olduq. Şəxsi nəticələrim bunu deməyə əsas verir ki, hər şey çox gözəl təşkil olunmuşdu və seçki gözəl keçirilib. Bütün müşahidələrimiz zamanı seçkinin çox yüksək səviyyədə keçirildiyini gördük. Biz nəticələrdən çox razı qaldıq". Volf-Ruthart Born deyib ki, Azərbaycan hökuməti seçkini müşahidə etmək üçün Avropa İttifaqından da müşahidəçilər dəvət edib:"Sabah Avropa İttifaqının nümayəndələrinin də mətbuat konfransı keçiriləcək".
Bundestaqın keçmiş deputatı Steffen-Claudio Lemme bildirib ki, seçkinin təşkilatı səviyyəsi çox yüksək olub.
Onun sözlərinə görə, parlament seçkisi heç bir narazılıq olmadan, şəffaf keçirilib. O deyib ki, ümumilikdə 8 məntəqədə müşahidə aparıb .
Onun sözlərinə görə, seçki bülletenlərində əsasən namizədlərin çoxunun heç bir partiyaya üzv olmadığını görüb: "Seçicilərlə ünsiyyət zamanı gördüm ki, onlar parlamentdə daha cavan insanların seçiləcəyinə ümid edirlər. Mən arzu edərdim ki, Azərbaycanda məktub-seçki formatı da işə düşsün".
Müşahidəçi Birgit Vetzel qeyd edib ki, ümumilikdə 8 seçki məntəqəsində müşahidə aparıb.
Onun sözlərinə görə, getdikləri bütün məntəqələrdə müşahidələrini heç bir problem olmadan apara biliblər:"Bütün seçki məntəqələrində bizim suallarımızı çox məmnuniyyətlə qarşıladılar".
Müşahidəçi Urs Unkauf deyib ki, müşahidələr zamanı seçki siyahısında çoxlu gənc namizədlərin adlarının olduğunu görüblər. Bunu müsbət hal sayan Urs Unkauf deyib ki, bu seçkilərdə qadın namizədlərin iştirak etməsi çox sevindirici idi.
O, yerli müşahidəçilərin prosesi izləməsindən razı qaldığını, səslərin düzgün qaydada və vaxtında hesablandığını da söyləyib.
Urs Unkauf bunu da əlavə edib bildirib ki, Dağlıq Qarabağdan olan köçkünlər bu problemin sülhlə həll edilməsini istəyir:"Azərbaycan hökuməti və Berlindəki Azərbaycan səfirliyinə minnətdarlığımı bildirirəm".