"Ağalıya gələn hər köç karvanı ürəyimizdə böyük fərəh hissi oyadır".
Bunu "Report"un Qarabağ bürosuna açıqlamasında Zəngilan rayonunun Ağalı kəndinin sakini Möhübbət Səmədov bildirib.
Onun sözlərinə görə, kəndlərinə bu qədər tez köçəcəklərini gözləmirdilər: "Ağalının bütün sakinləri kimi, mənim də sevincimin həddi-hüdudu yoxdur. Allaha min şükürlər olsun ki, bu gün Ağalıdayıq. Düzdür, heç zaman ümidimizi itirməmişdik, doğma kəndimizə qayıdacağımıza inanırdıq, amma bunun bu qədər tez və ilk olaraq bizim kəndin olmasını ağlımıza gətirmirdik. Bu gün Zəngilana, Ağalıya, bütövlükdə işğaldan azad edilən ərazilərimizə ilk qayıdışın təməli bizim kəndlə oldu. Sakinlərin ilk olaraq bu torpaqlara köçürülməsi bizə sanki yuxu kimi gəlir. Uca Tanrı böyüklüyünü daim xalqımızın üstündən əskik etməsin".
M.Səmədov deyib ki, doğma yurda hər gələn köç karvanını böyük sevinc hissi ilə qarşılayırlar: "Bura köçəndən sakinlərimizin sevinci sevincə qarışır. Təsəvvür edin ki, kəndə gələn hər köç karvanı Ağalının hər bir sakininin ürəyində fərəh hissi oyadır. Hamı bir-birinə gözaydınlığı verir, təbrik edir. Bəlkə kənardan baxana bu o qədər də təsir etmir, amma həmin anları yaşamaq, hiss etmək, dillə təsəvvür etmək mümkün deyil. Ağalı sakinlərinin hər birinin üzündə təbəssüm, ürəklərində fərəh hissi var. Artıq öz dədə-baba yurdlarındadırlar, artıq respublikanın bir çox yerlərinə səpələnmiş köçkün həyat tərzi yaşayan sakinlərimiz indi yenə bir yerdədirlər. Özü də öz dədə-baba toropaqlarında. Buna sevinməmək mümkün deyil".