Növbədənkənar parlament seçkilərində Zəngilan rayonunun Ağalı kəndində başlayan səsvermə seçici fəallığı şəraitində davam edir.
“Report”un Qarabağ bürosunun Zəngilana ezam olunan əməkdaşının məlumatına görə, səsvermənin başladığı qısa müddət ərzində kənddə seçici fəallığı müşahidə olunur.
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə Zəngilan və Qubadlı rayonlarında 5 seçki məntəqəsi yaradılıb. Ağalı kənd sakinlərinin həmin seçki dairəsinin 33 saylı məntəqəsində səs verirlər.
Qeyd edilib ki, hazırda Zəngilan rayonunda aparılan bərpa-quruculuq işlərində çalışan vətəndaşların səs vermələri üçün Alıbəyli kəndində (61 saylı), Ağbənd qəsəbəsində (62 saylı) və Zəngilan şəhərində (64 saylı) seçki məntəqəsi yaradılıb. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə Qubadlı rayonunda 63 saylı seçki məntəqəsi fəaliyyət göstərir.
Ümumiyyətlə, sözügedən dairə üzrə 64 seçki məntəqəsi yaradılıb. Dairə üzrə qeydə alınan seçicilərin sayı 56 min 391 nəfərdir.
Seçicilərdən 31 min 600 nəfəri və 36 seçki məntəqəsi Zəngilan rayonunu, 24 min 791 seçici və 28 seçki məntəqəsi isə Qubadlı rayonunu əhatə edir.