Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 86 saylı Ağcabədi Seçki Dairəsinin bəzi məntəqələrində pozuntuların qeydə alındığı haqqında iddialar araşdırılıb.
"Report" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK-nın və Ekspert qrupunun üzvü Qabil Orucovun təqdimatına əsasən, bu barədə şikayətlə qeydə alınmış namizəd Hacıbəyli Cavid İbrahim oğlu MSK-ya müraciət edib:
"O, dairə seçki komissiyasının müvafiq araşdırmasından və qərarından narazılıq ifadə edib, bununla bağlı MSK-ya sənədləri və videomateriaları MSK-ya təqdim edib. Araşdırma zamanı 7 saylı seçki məntəqəsində səslərin hesablanması zamanı qanun pozuntuları aşkarlanıb. Adıçəkilən məntəqə istisna olmaqla digər məntəqələrdə qanun pozuntuları haqqında iddialar əsasını tapmayıb. Həmçinin namizəd və onun səlahiyyətli nümayəndələri, bununla belə təmsil etdiyi AĞ Partiyanın müşahidəçiləri tərəfindən 14, 15, 16, 21, 22, 24, 25, 27, 30, 31, 34, 35, 37, 40, 42, 41, 46, 45, 51, 54, 52 saylı seçki məntəqələrində müşahidə aparılmadığı halda məntəqələrin nəticələri mübahisələndirilib. Buna görə də Seçki Məcəlləsinə əsasən, namizədin iddiaları təsdiqini tapmayıb, şikayət qismən təmin edilib".