Bakının Xətai rayonunda daha bir park yenidənqurmadan sonra sakinlərin istifadəsinə verilib və Polad Həşimov küçəsində aparılan abadlıq işləri yekunlaşmaq üzrədir.
Bu barədə "Report"a Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən rayonun Sarayevo küçəsi ilə Məzahir Rüstəmov küçələrinin kəsişməsində, “Bakı” kinoteatrının yaxınlığında yerləşən park əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilib.
8 Noyabr prospektində yerləşən Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkının filialı olan, uzun müddət baxımsızlıq səbəbindən yararsız hala düşən parkda təxminən 3 həftə əvvəl təmizlik və yenidənqurma işlərinə start verilmişdi.
Abadlıq işləri çərçivəsində mövcud olan yararsız oturacaq və söhbətgahlar, idman və əyləncə qurğuları sökülərərək ərazidən daşınıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi üçün yeni suvarma xətləri çəkilib, həmçinin parkın ərazisində müasir işıqlandırma sistemləri quraşdırılıb.
Bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr yaradılıb. Əhalinin istirahəti üçün söhbətgahlar quraşdırılıb, yeni oturacaqların qoyulub, uşaq meydançaları salınıb, uşaq əyləncə və idman qurğuları, şahmat meydançası quraşdırılıb. Ahıl insanların asudə vaxtının səmərəli təşkil edilməsi ilə əlaqədar stolüstü müxtəlif oyunlar üçün nərdtaxta, domino, şahmat və s. təmin edilib.
Parkda yaşıllıq zolaqları və qazon örtüyü salınıb, o cümlədən müxtəlif növ ağaclar, yeni dekorativ gül-çiçək kolları əkilib.
Hazırda rayonun müxtəlif ərazilərində aparılan abadlıq və yenidənqurma işləri Məzahir Rüstəmov küçəsi 15 və Polad Həşimov küçəsi 6 ünvanlarında da yekunlaşmaq üzrədir.