Ötən il Azərbaycanda 7 mindən çox vətəndaş xakerlərin qurbanı olub.
"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəis müavini Allahverən İsmayılov “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, XRİTDX tərəfindən dövlət qurumlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı da zəruri tədbirlər həyata keçirilir:
"Hazırda 30 min dövlət qulluqçusunun istifadə etdiyi mərkəzləşmiş elektron poçt sistemi vasitəsi ilə dövlət qurumları əməkdaşlarını hədəfləyən kiberhücumların qarşısı mərkəzi qaydada, olduqca effektiv şəkildə alınır. Belə ki, bu sistem vasitəsi ilə cari ilin ötən dövrü ərzində 16 milyon 993 min elektron poçt emal edilib ki, onlardan 15 milyon 577 min istifadəçilərə çatdırılıb, 1 milyon 416 min elektron poçtun zərərli tərkibli olması müəyyənləşdirilərək blok edilib. Hazırda bu sistemin təkmilləşdirilməsi və istifadəçi sayının 60 000-ə çatdırılması üzrə işlər yekunlaşmaq üzrədir”.
A.İsmayılov qeyd edib ki, internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər:
"Haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı, istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatları hakerlərin qurbanına çevirmiş vətəndaşların statistikası mütəmadi olaraq Xidmətimiz tərəfindən aparılır. Ötən dövr ərzində onların sayı 7 mindən çox olub".