Yuxarı
    Bağlamaq

    Azərbaycanda insan hüquq və azadlıqlarını pozduqlarına görə 46 polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib

    Bakı. 26 fevral. REPORT.AZ/ Müvəkkilin insan hüquqlarının müdafiəsi istiqamətində Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində polis orqanla...

    Bakı. 26 fevral. REPORT.AZ/ Müvəkkilin insan hüquqlarının müdafiəsi istiqamətində Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində polis orqanları ilə bağlı 2 319 müraciət daxil olub. Şikayətlərdə əsasən vətəndaşların polis əməkdaşları tərəfindən, o cümlədən təhqiqat və istintaq zamanı təhqirlərə və təzyiqlərə məruz qalması, kobud rəftara yol verilməsi, qanunazidd fiziki güc tətbiq edilməsi, şikayət əsasında toplanmış material üzrə təhqiqatın və ya başlanmış cinayət işi üzrə istintaqın qeyri-obyektiv, qərəzli və ləng aparılması, qəbul edilmiş prosessual qərarın surətinin verilməməsi, müraciətlərin nəticəsiz qalması və ya müraciətlərə baxılmasında süründürməçiliyə yol verilməsi kimi hallar öz əksini tapıb. "Report"un məlumatına görə, bu barədə "Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2015-ci il üzrə illik məruzəsində bildirilir.

    Məruzədə qeyd olunub ki, şikayətlərlə bağlı daxili işlər orqanlarına müvafiq sorğular göndərilib, yoxlama tapşırıqları verilib, araşdırmalar aparılıb.

    Keçən il Müvəkkilin Daxili İşlər Nazirliyinə müraciətinə əsasən aparılan xidməti tədqiqatla təsdiqini tapan 10 fakt üzrə 14 əməkdaş intizam məsuliyyətinə cəlb olunub. Belə ki, kobud rəftara görə 3 fakt üzrə 4 əməkdaşdan 1-i tutduğu vəzifədən azad edilib, 2-nə "şiddətli töhmət", 1-nə "töhmət" elan olunub, həmçinin polis əməkdaşlarının xidməti fəaliyyəti ilə bağlı olan 7 fakt üzrə intizam məsuliyyətinə cəlb edilən 10 əməkdaşdan 1-i tutduğu vəzifədən azad edilib, 4-nə "şiddətli töhmət", 5-nə isə töhmət elan olunub.

    Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, ümumilikdə insan hüquq və azadlıqlarının pozulması ilə bağlı nazirliyə daxil olan və təsdiq olunan 284 fakt üzrə 369 əməkdaş intizam məsuliyyətinə cəlb edilib (onlardan 126-sı vətəndaşlarla kobud rəftar, 56-sı polisə əsassız gətirmə və saxlama, 68-i sürücülərin hüquqlarının pozulması, 6-sı əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-ü əcnəbilərin və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 26-sı isə digər faktlar). Onlardan 46 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric edilib, 32 əməkdaş tutduğu vəzifədən azad edilib, 291 əməkdaş barəsində isə digər intizam tədbirləri görülüb.

    Şikayətlərdə polis orqanlarına müraciətlərin tam araşdırılmaması, qeyri-obyektivliyə yol verilməsi ilə bağlı halların yoxlanılması məqsədi ilə Müvəkkilin prokurorluq orqanlarına müraciətindən sonra aparılan araşdırmalar zamanı bəzən şikayətlər üzrə toplanmış materialın tam, hərtərəfli və obyektiv araşdırılmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında əsassız qərarın qəbul edildiyi müəyyən edilib, müvafiq prokurorluq tərəfindən ləğv edilərək əlavə araşdırma aparılması üçün polis orqanına göndərilib.

    Araşdırmalar zamanı vətəndaşın eyni şikayəti ilə bağlı toplanmış təhqiqat materialı üzrə bir neçə dəfə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi müəyyən edilib, prokurorluğa müraciətdən sonra material öyrənilib, istintaq orqanına göndərilib və cinayət işi başlanıb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi