2003-cü ildə İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi Azərbaycan üçün mühüm hadisə oldu.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, bu addım Ümummilli Lider Heydər Əliyev siyasi kursunun uğurlu davamı kimi qəbul edildi:
"Onun simasında Azərbaycanın daha da güclənməsi, Qarabağ probleminin həlli, sosial, iqtisadi inkişafın təmin edilməsi reallaşdı. Prezident İlham Əliyev dövlət başçısı seçildikdən sonra bütün sahələrdə gözəgörünən nəticələr əldə olundu, dövlət büdcəsi artdı. 2003-cü ildə Azərbaycanın büdcəsi bir milyard ABŞ dolları idisə, artıq 24 dəfə çox - 24 milyard ABŞ dollarına qədər artırılıb. Qeyri-neft sektorunun inkişafı göz qabağındadır. Ölkənin infrastrukturu yeniləndi. Mənzil tikintisi geniş vüsət aldı, aqrar sahənin intensiv inkişafı üçün yeni metodlar tapıldı, təhsilin, səhiyyənin inkişafı üçün çox ciddi addımlar atıldı və bütün bunlar öz nəticəsini verməkdədir".
A.Mirzəzadə vurğulayıb ki, beynəlxalq birlikdə Azərbaycanın nüfuzu artır və diplomatiya paytaxtına çevrilir:
"Son illər bir çox mühüm beynəlxalq görüşlər məhz Azərbaycanda keçirilir. Azərbaycanın ağır problemi olan Qarabağ probleminin həlli üçün Prezident məqsədyönlü, düşünülmüş daxili və xarici siyasətə imza atdı. Ordu quruculuğuna ciddi təkan verilməsi, hərbi sahənin modernləşməsi, müasir silahların alınması, vaxtaşırı hərbi təlimlərin keçirilməsi ordumuzun peşəkarlığının artmasına gətirib çıxardı. Nəticədə dörd il bundan əvvəl 44 günlük müharibədə Azərbaycan torpaqlarının böyük hissəsini azad etdi. Üç rayon isə bir güllə atılmadan geri alındı. Sonradan birgünlük antiterror əməliyyatında isə Azərbaycanda separatizmə son qoyuldu. Azərbaycan bütün ərazisi boyu suverenliyini artıq möhkəmləndirdi".
Deputat Prezident İlham Əliyevin adının Azərbaycanın ərazi bütövlüyünün simvolu kimi tarixə düşdüyünü vurğulayıb:
"Dövlət başçısı cəmiyyəti birləşdirən sima kimi qiymətləndirilir. Seçicilər onu lider, xalqın problemlərini bilən və həll edən, dövlət müstəqilliyini möhkəmləndirən, beynəlxalq birlikdə nüfuzunu yüksəldən şəxsiyyət kimi görürlər. Ötən müddət ərzində hər seçkidə seçicilər ona daha böyük etimad göstərirlər. Builki növbədənkənar prezident seçkilərində də yenidən o cəmiyyətin mütləq əksəriyyətinin səsini qazandı. Hər ilin yekununda ölkənin uğurlarının altında Prezidentin imzası olduğunu görürük".
Xatırladaq ki, oktyabrın 15-i Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə ilk dəfə ölkə rəhbəri seçilməsinin 21-ci ildönümüdür.