"20 sentyabr Azərbaycan xalqının əsrə bərabər günüdür".
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O xatırladıb ki, Azərbaycan həyata keçirdiyi antiterror tədbirlərində iki əsrlik erməni layihəsini bir günə darmadağın edib: "2023-cü il sentyabrın 20-si dövlətçilik tariximizin ən şərəfli günlərindən birinə çevrilib. Beləliklə, Ulu Öndər Heydər Əliyevin 20 sentyabr 1994-cü ildə əsrin müqaviləsi ilə başlatdığı iqtisadi müstəqillik yolumuzu müzəffər Ali Baş Komandanımız İlham Əliyev 20 sentyabr 2023-cü il tarixində hüquqi-siyasi müstəqilliyimiz ilə tamamlayıb".
Deputatın fikrincə, 20 sentyabr Azərbaycan xalqının əsrə bərabər günü oldu: "Bu tarixi uğur xalqımızın gələcək inkişafı və tərəqqisi baxımından mühüm strateji perspektivlər yaratdı. Antiterror tədbirləri əslində sülhü yaxınlaşdırma tədbirləri olmaqla yanaşı, Qrabağda yaşayan erməni icmasını da bir qrup daşnak idealistinin, terrorçunun və separatçının girovluğundan xilas etdi".
H.Babaoğlu vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza müraciətində səsləndirdiyi fikirlər əslində milli dövlətçilik tariximizin ən yeni mərhələsində qarşımızda duran yeni vəzifələr və hazırkı mərhələdə görüləcək işlərin xülasəsi idi: "Bu çıxış həm də milli dövlətimizin çoxəsrlik ənənələrinə sadiqlik olmaqla yanaşı, xalqımızın humanist mövqeyinin və birgəyaşayış ənənələrinin dünyaya yenidən təqdimatı idi".
"Prezident İlham Əliyev bütün dünyaya göstərdi ki, Ali Baş Komandan kimi nə qədər qətiyyətli, cəsarətlidirsə, Prezident kimi də bir o qədər humanist və yardımsevərdir. Lokal antiterror tədbirləri ilə 200 ildən çoxdur Azərbaycanı bölüb parçalamaq üçün onun düz mərkəzinə yerləşdirilmiş terror yuvası birdəfəlik və həmişəlik dağıdıldı. Bu hadisə həm də Ermənistanla sülhü daha tez əldə etmək və regiona rifah gətirmək baxımından strateji əhəmiyyətli bir hadisə oldu", - deputat əlavə edib.