​Türkiyə parlamentariləri Yerevanı işğal olunmuş Azərbaycan torpaqlarını tərk etməyə çağırıblar

​Türkiyə parlamentariləri Yerevanı işğal olunmuş Azərbaycan torpaqlarını tərk etməyə çağırıblar Bildirilib ki, təmas xəttində vəziyyət erməni təxribatı səbəbindən kəskinləşib
Qarabağ
6 Aprel , 2016 07:33
​Türkiyə parlamentariləri Yerevanı işğal olunmuş Azərbaycan torpaqlarını tərk etməyə çağırıblar

Bakı. 6 aprel. REPORT.AZ/ Türkiyənin Böyük Millət Məclisinin (parlament) xarici əlaqələr komissiyasının tərkibinə daxil olan üç aparıcı partiyasının deputatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq birgə bəyanat yayıblar.

"Report"un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, sənəddə qeyd olunur ki, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində vəziyyət erməni tərəfinin təxribatı səbəbindən kəskinləşib.

"Təqribən iyirmi ildən artıqdır Azərbaycan torpaqlarının beşdə bir hissəsini işğal altında saxlayan Ermənistan, yenidən təcavüzkar siyasət və qeyri-legitimlik nümayiş etdirdi. Biz bir milyona yaxın azərbaycanlı qardaşlarımızı öz torpaqlarını tərk etmək məcburiyyəti qarşısında qoyan Ermənistanın siyasətini pisləyirik", - deyə sənəddə bildirilir.

Parlament komissiyasının üzvləri təmas xəttində gedən hərbi əməliyyatlar zamanı həyatlarını itirən şəhidlərin ailələrinə və yaxınlarına başsağlığı verib, həmçinin yaralıların tezliklə sağalmasını diləyiblər.

"Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyası Ermənistanı regionda və dünyada sülh və sabitliyi təhlükə altına qoyan təcavüzünə son qoymağa çağırır. Ermənistan təcavüzkar və işğalçı siyasətindən əl çəkməyincə, yeni qarşıdurma ocaqlarının yaranma təhlükəsi qalacaq", - deyə Türkiyə deputatları bildirib.

"Biz Ermənistanı təkrarən sülh yolu ilə Azərbaycan torpaqlarının işğalına son qoymağa və dərhal Azərbaycan ərazilərini tərk etməyə çağırırıq. Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin uzudmüddətli və ədalətli həlli yollarının axtarışı üzrə səylərini davam etdirəcək", - deyə sənəddə bildirilir.

"Beynəlxalq ictimaiyyət aqressiv fəaliyyətlərin təkrarlanmaması və son hadisələrə lazımi reaksiyanın verilməsi üçün Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına lazımi diqqət yetirməlidir. Biz azərbaycanlı qardaşlarımız ilə həmrəyik", - deyə sənəddə vurğulanıb.

Son xəbərlər

Orphus sistemi