Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov: "Qarabağdakı qondarma rejimin təmsilçilərinin Avropa İttifaqı ölkələrinə səfərləri narahatlıq doğurur"

    İttifaqa üzv dövlətləri təmsil edən hüquqi və fiziki şəxslər Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərirlər

    Bakı. 9 fevral. REPORT.AZ/ "Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz qondarma rejimin təmsilçilərinin Avropa İttifaqı ölkələrinə səfərləri narahatlıq doğuran məqamdır".

    "Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasında çıxışı zamanı deyib.

    Nazir ikitərəfli münasibətlər və gələcək perspektivlər üzrə açıq fikir mübadiləsinin əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarını və vasitələrini müəyyən etməyə imkan verəcəyinə ümidvar olduğunu vurğulayıb: "2017-ci il əməkdaşlığımızın inkişaf etdirilməsi üçün məhsuldar və perspektivli olduğunu sübut etdi. Azərbaycan Prezidentinin 2017-ci ilin fevral ayında Brüsselə səfəri bu sahədə mühüm rol oynayıb. Yeni ikitərəfli sənəd üzərində danışıqlar prosesinin rəsmi başlanması və hər iki tərəfdən yüksək səviyyəli bəyanatlar qarşılıqlı maraqların olduğunu göstərdi".

    E.Məmmədyarov bildirib ki, Brüsseldə keçirilən "Şərq Tərəfdaşlığı" Sammiti "Şərq Tərəfdaşlığı" (ŞT) çərçivəsində əməkdaşlığın regionda çətin vəziyyətin real nəzərə alınması və "Şərq Tərəfdaşlığı"nın gətirə biləcəyi faydalar və potensial əlavə dəyərlərə əsaslanmalı olduğunu sübuta yetirdi: “2020-ci ilədək 20 çatdırılma” (20 Deliverables by 2020) bizi aydın müəyyən məqsədlərlə müvafiq əməkdaşlıq sahələri, istəklər və həyata keçiriləcək zaman çərçivələrinə diqqət yetirməyə imkan verir.

    Üç illik aradan sonra biz Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin (TƏS) dialoq mexanizmlərini yenidən başladıq və müvafiq alt-komitə və Parlament əməkdaşlıq komitəsi iclasları keçirildi. İki tərəf Avropa İttifaqı - Azərbaycan Tərəfdaşlığı prioritetləri (2018-2020) üzrə məsləhətləşmə prosesi ilə məşğul oldu və biz bu mühüm sənədin yekunlaşdırılmasını dəstəkləyirik.

    Biz Avropa Qonşuluq Siyasətinə (ENP) fərqlilik, çeviklik və daha çox sahiblik prinsiplərini inteqrasiya etmək və 2015-2017-ci illər üçün yenidən işlənmiş ENP Avropa İttifaqı-Azərbaycan Tərəqqi Hesabatının hazırlanması prosesində Aİ-nin əməkdaşlığını yüksək qiymətləndiririk".

    Xarici işlər naziri vurğulayıb ki, bu gün Azərbaycan Avropa İttifaqı ölkələri ilə Cənubi Qafqazda Aİ-nin ən böyük ticarət tərəfdaşıdır. Belə ki, Azərbaycanın ticarət dövriyyəsinin 46% Aİ-nin payına düşür. Avropa İttifaqı da Azərbaycanda ən böyük investorudur və son 10 ildə Aİ üzv ölkələr tərəfindən iqtisadiyyatımıza həm neft, həm də qeyri-neft sektorunda 20 milyard dollardan artıq sərmayə qoyulub: "Enerji əməkdaşlığı ikitərəfli gündəlikdə mühüm yer tutur. Biz enerji mənbələri və marşrutları diversifikasiya etmək və birbaşa enerji və nəqliyyat əlaqələri qurmaq kimi Avropa İttifaqı ilə Azərbaycan arasında birgə məqsədlərə cavab verən Avropada ən böyük infrastruktur və enerji layihəsi olan Cənub Qaz Dəhlizinin (SGC) təşviqi və həyata keçirilməsi yolu ilə enerji sahəsində strateji tərəfdaşlığımızı davam etdiririk.

    Mobillik və insanlar arasında əlaqələrin təşviqi Aİ ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin əsas hissəsini təşkil edir. Biz hesab edirik ki, reabilitasiya və viza rejiminin sadələşdirilməsi üzrə sazişlərin uğurla həyata keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında viza azadlığına dair dialoqa başlamaq üçün yol açmalıdır".

    E.Məmmədyarov deyib ki, artıq 30 ilə yaxındır "Şərq Tərəfdaşlığı" ölkəsi olan Ermənistan digər "Şərq Tərəfdaşlığı" ölkəsinin suverenliyi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini hərbi işğal altında saxlayır: "Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu münaqişənin həll edilməməsində əsas səbəbdir və regional sülh və təhlükəsizliyə ciddi təhdiddir.

    Status-kvonun dəyişdirilməsi və münaqişənin danışıqlar yolu ilə tezliklə həllində ən maraqlı tərəf olaraq Azərbaycan beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə əlaqədar mövqeyini dəstəkləyir. Beynəlxalq ictimaiyyətin mövqeyi beynəlxalq təşkilatların çoxsaylı qərarları və müvafiq sənədləri, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunub. BMT TŞ-nın qətnamələrində tələb olunduğu kimi təxirə salınmadan Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalıdır.

    Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz qondarma rejimin təmsilçilərinin Avropa İttifaqı ölkələrinə səfərləri narahatlıq doğuran məqamdır. Bu qəbildən olan səfərlər Avropa İttifaqı ilə Ermənistan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişin və Şenqen visa rejiminin pozulması ilə müşayiət olunur. Bununla bərabər, Avropa İttifaqının üzv dövlətlərində olan hüquqi və fiziki şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətləri ciddi narahatlıq doğuran başqa bir məsələdir". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi