Azərbaycanda təhsil alan iranlı tələbələr 20 Yanvar faciəsi ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda təhsil alan iranlı tələbələr 20 Yanvar faciəsi ilə əlaqədar bəyanat yayıb "Biz iranlı tələbələr 20 Yanvar faciəsinin xatirəsini dərin ehtiramla yad edir və bəşəriyyətə qarşı törədilən hər növ cinayəti pisləyirik"
Qarabağ
16 Yanvar , 2015 15:13
Azərbaycanda təhsil alan iranlı tələbələr 20 Yanvar faciəsi ilə əlaqədar bəyanat yayıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanda təhsil alan iranlı tələbələrin elmi-mədəni və idman birliyi 20 Yanvar faciəsi ilə əlaqədar bəyanat yayıb.

İranın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bəyanatda qeyd olunur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədən 25 il ötməsinə baxmayaraq, sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi dəhşətli qırğını unutmayacaqlar.

"O gecə Ermənistanın işğalçı iddialarına qarşı çıxan qardaş Azərbaycan xalqı Bakının küçə və meydanlarına çıxdı. Dinc xalqa qarşı yeridilən silahlı qoşunun hərəkətləri qanlı faciəyə səbəb oldu. Sovet qoşunlarının törətdiyi qırğın nəticəsində Bakıda134 dinc vətəndaş öldürüldü, 600-dən çox insan yaralandı, 800-dən çox adam isə haqsız yerə həbs edildi. Qətlə yetirilənlər arasında beş millətin nümayəndələri, uşaqlar, qocalar, qadınlar, əlillər də var idi", - bəyanatda vurğulanır.

İranlı tələbələrin fikrincə, artiq 25 ildir dünya, o cümlədən İran xalqı 20 Yanvar faciəsini Azərbaycan xalqının ümumxalq hüzn günü kimi qəbul edir və qeyd edir, konfranslar, tədbirlər, sərgilər təşkil etməklə Azərbaycanla həmdərd olduqlarını nümayiş etdirir. "Biz iranlı tələbələrin Azərbaycandaki birliyi olaraq, 20 Yanvar faciəsinin xatirəsini dərin ehtiramla yad edir və bəşəriyyətə qarşı törədilən hər növ cinayəti pisləyirik. Allah bütün müsəlman şəhidlərimizə rəhmət eləsin!".

Son xəbərlər

Orphus sistemi