Yuxarı

​Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın komitə iclasında ermənilərə tutarlı cavab verib

Tbilisidə ATƏT-in Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclası keçirilib

Tbilisi. 2 iyul. REPORT. AZ/ Tbilisidə ATƏT-in Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclası keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, toplantıda təhlükəsizlik, terrorizmə qarşı mübarizə məsələləri diqqət mərkəzində olub.

Komitənin məruzəçisi xanım Marqaret Sederfeltin hesabat xarakterli çıxışı ətrafında gedən müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin üzvü çıxış edərək, Azərbaycanı Dağlıq Qarabağ münaqişəsini həllinə mane olmaqda günahlandırıb. Azərbaycan tərəfinin cavabı özünü çox gözlətməyib.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək, erməni həmkarının dediklərinin yalan və absurd olduğunu diqqətə çatdırıb: “ATƏT münaqişələrin həlli üçün dialoq meydanıdır. Xanım məruzəçi Sederfeltin də dediyi kimi, ATƏT, eyni zamanda, təkcə dialoq üçün deyil, həm də ciddi məsələlərdə vicdanlı əməkdaşlıq meydanıdır. Hamıya məlumdur ki, Azərbaycan bu münaqişənin həllində şəffaf, ədalətli müzakirələrə hazırdır və öz hərəkətlərində bunu dəfələrlə sübut edib”.

Azərbaycan nümayəndə heyətinin rəhbəri dağlıq Qarabağ münaqişəsinin həllində yaranmış dalandan çıxmaq, obyektiv və prinsipial əməkdaşlığı möhkəmləndirmək üçün çox işlərin görülməli olduğunu bildirib. Ekstremizmə və terrora qarşı mübarizədə ATƏT-in rolunun artırılmasının, bunun üçün daha operativ metodların hazırlanmasının vacibliyini vurğulayıb.

B.Muradova qətnamədə və yekun sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktının öz əksini tapacağına ümidvar olduğunu bildirib.

ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, ATƏT PA-nın Büro üzvü Azay Quliyev çıxışında deputatların diqqətinin dünyada baş verən terror aktlarına çəkib: “Biz İstanbulun Atatürk hava limanında xeyli sayda insanın ölümü və yaralanması ilə nəticələnən terror aktı xəbərindən olduqca kədərləndik. Bu gün bütün dünya dəhşətli terror bəlası ilə üz-üzədir. Mən buradan terror qurbanlarına, onların ailələrinə və ümumilikdə Türkiyə xalqına başsağlığı verirəm. Bu vəziyyət terrora qarşı ümumi səfərbərliyi və qətiyyətli mübarizəni tələb edir”.

A.Quliyev deyib ki, ATƏT terrorla mübarizə üzrə effektiv mexanizm hazırlamalı, fərqli siyasi baxışlara malik üzv ölkələrin səylərinin “vahid beynəlxalq antiterror koalisiyası”nda birləşdirilməsinə nail olmalıdır. Moldova və Cənubi Qafqaz regionunda mövcud münaqişələrin həllində beynəlxalq hüququn prinsipləri, o cümlədən ATƏT PA-nın 2015-ci ildə Helsinkidə qəbul etdiyi “ATƏT ərazisində dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik" adlı qətnamənin müddəaları əsasında həllinə nail olmalı, bu münaqişələr üzrə mövcud mexanizmləri daha da təkmilləşdirməlidir.

Deputat Almaniyanın ATƏT-ə sədrliyi dövründə mövcud münaqişələrin həllini prioritet elan etməsi və bu istiqamətdə göstərdiyi bir sıra təşəbbüsləri alqışlayıb: "ATƏT-in hazırkı sədri və Almaniyanın xarici işlər naziri Valter Ştaynmayerin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə mövcud status-kvonun təhlükəli və qəbuledilməz olduğu haqqında verdiyi bəyanat ATƏT PA tərəfindən dəstəklənməlidir. Minsk qrupu çərçivəsində aparılan danışıqlar imitasiya xarakteri olmamalı və qısa müddət ərzində münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə gətirib çıxarmalıdır".

Vitse-prezident Azərbaycan və Ermənistan prezidentlərinin bu ilin may ayının 16-da keçirilən Vyana görüşünü və iyunun 20-də keçirilən Sankt Pterburq görüşünü müsbət qiymətləndirir və bu görüşlərdə əldə edilmiş ümumi anlayışın tezliklə münaqişənin həlli istiqamətində konkret nəticə verəcəyinə ümid etdiyini bildirib.

A.Quliyev ATƏT regionunda hərbi münaqişələr nəticəsində qadınların düşdüyü vəziyyətə də toxunub: "ATƏT PA bu mövzuya daha çox diqqət ayırmalı və münaqişədən əziyyət çəkən məcburi köçkün qadınların, xüsusilə əsir və girovluqda saxlanılan, şərəf və ləyaqəti alçaldılan, müxtəlif zorakılığa və zorakı əməyə məruz qalan qadınların hüquqlarının bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görməlidir. Bu istiqamətdə atılacaq addım kimi gələn il Minskdə keçiriləcək ATƏT PA-nın illik sessiyasında ayrıca bir qətnamənin qəbulunu təklif edirəm. Belə bir qətnamənin layihəsini hazırlamağa hazıram".

Milli Məclisin deputatı Elşad Həsənov da çıxışında ermənilərin təxribatına son qoyulmasının vacibliyini bildirib: "Dağlıq Qarabağ münaqişəsi təkcə Cənubi Qafqazın deyil, bütövlükdə ATƏT regionu üçün ciddi təhlükə mənbəyidir. Bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır". 

O, mövcud status-kvonun davam etməsinin mümkünsüzlüyünü vurğulayaraq, Ermənistanı konstruktivliyə dəvət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi