Yuxarı

Ankarada Xocalı Muzeyi və Xocalı abidəsinin açılışı olub

Tədbirdə səfirliyin əməkdaşları, Azərbaycanın Ankarada təhsil alan tələbə və kursantları, diaspor və ictimaiyyət nümayəndələri iştirak ediblər

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Ankaranın Kızılcahamam rayonunda yerləşən Xocalı Muzeyi və Xocalı abidəsinin açılışını keçirib. Bu barədə “Report”a səfirlikdən bildirilib.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlayıb, ilk olaraq Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nəcdət Ünüvarın mesajı oxunub. Mesajda, Xocalı soyqırımının ağrı və acısının Türkiyə tərəfindən bölüşüldüyü qeyd olunub.

Kızılcahamam rayon bələdiyyəsinin başçısı Muhittin Günəy, Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, səfirliyin müşaviri Ceyhun Zeynalov, millət vəkili Elman Məmmədov, Xocalı şəhəri sakini Ramiz Qəhramanov, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov və şöbə müdiri Qasım Hacıyev çıxış edərək Xocalı Soyqırımı haqqında dəyərli fikirlərini Kızılcahamam rayonu ictimaiyyəti ilə bölüşüblər. Natiqlər öz çıxışlarında Xocalı soyqırımı və ümumiyyətlə ermənilərin Azərbaycan xalqına qarşı tarix boyu törətdikləri vəhşiliklərdən geniş şəkildə bəhs ediblər.

Tədbirdə səfirliyin əməkdaşları, Azərbaycanın Ankarada təhsil alan tələbə və kursantları, diaspor və ictimaiyyət nümayəndələri ilə yanaşı KİV nümayəndələri iştirak ediblər.

Mərasim şəhidlərin ruhuna və işğal olunmuş torpaqların tezliklə azad edilməsi üçün birgə dualar oxunaraq başa çatıb.Tədbir zamanı iştirakçılara Xocalı Soyqırımı ilə bağlı əyani təbliğat materialları və İrs-Miras jurnalı təqdim olunub.

Tədbir Türkiyənin TRT AVAZ və TRT HABER telekanalları tərəfindən işıqlandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi