"Qarabağ Azərbaycan torpağıdır".
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri geri almaq üçün apardığı mübarizə barədə sualı cavablandıran İbrahim Kalın beynəlxalq miqyasda da işğala son qoyulmasının ciddi şəkildə gündəmə gəlmədiyi təqdirdə bu problemi həll etməyin mümkün olmadığını söyləyib.
İbrahim Kalın qeyd edib ki, bir milyon nəfərə yaxın azərbaycanlı ata-baba yurdundan köçmək məcburiyyəti ilə üzləşib. "Bu gün Azərbaycan bu mübarizə ilə mübahisəli ərazilərdə deyil, öz torpaqlarında mübarizə aparır. Qarabağ Azərbaycan torpağıdır", - deyə o bildirib.
Türkiyə prezidentinin sözçüsü daha sonra əlavə edib: “İşğalın bitməsindən danışmasaq və Minsk Qrupu bir fəaliyyət planı irəli sürməsə, bu böhranı həll etmək mümkün olmayacaq. Minsk Qrupu 30 ildir həll yolu tapa bilmirsə, daha 30 il gözləyəcəyikmi? Buna görə başqa mexanizmləri işə salaq”.
İbrahim Kalın vurğulayıb ki, Türkiyə Böyük Millət Məclisindəki hakim və müxalifət partiyaları arasında Azərbaycanla bağlı vahid mövqe mövcuddur.