Dövlət Komitəsində Xankəndinin işğal günü ilə bağlı tədbir keçirilib

Dövlət Komitəsində Xankəndinin işğal günü ilə bağlı tədbir keçirilib Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xankəndi şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Dağlıq Qarabağ münaqişəsi
154
27 Dekabr , 2019 16:09
Dövlət Komitəsində Xankəndinin işğal günü ilə bağlı tədbir keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xankəndi şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, Qarabağ müharibəsi veteranları, əslən Xankəndindən olan ziyalılar və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən söz açaraq ermənilərin bu ərazilərə, təxminən, iki yüz il əvvəl köçürüldüklərini, öz havadarlarından dəstək alaraq yerli azərbaycanlı əhaliyə davakar münasibət göstərdiklərini, daim milli zəmində qarşıdurma yaratdıqlarını, vaxtaşırı ərazi iddiası qaldırdıqlarını xatırladıb.

Qeyd olunub ki, ötən əsrin 60-70-ci illərində erməni millətçilərinin Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdləri ulu öndər Heydər Əliyevin qətiyyəti nətcəsində puça çıxarılıb, bu niyyətdə olanlar dərhal o dövrün qanunları çərçivəsində cəzalandırılıblar. Dağlıq Qarabağda erməni separatizmi yalnız xalqımızın dahi oğlu siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra baş qaldırıb. Bölgənin mərkəzi şəhəri olan Xankəndi əhalisinə qarşı etnik təmizləmə, əslində, 1989-cu ildən başlanıb. Burada yaşayıb-işləyən azərbaycanlılar təqib edilib, zorla ev-eşiyindən qovulub. 1991-ci il dekabrın 26-dan 28-dək isə etnik təmizləmə və işğal xüsusi amansızlıqla həyata keçirilib, həmin vaxtdan Xankəndi tamamilə separatçıların və Ermənistandan gəlmiş silahlıların əlinə keçib. Dağlıq Qarabağdakı tarixi torpaqlarından didərgin düşən bütün soydaşlarımız kimi Xankəndindən olan məcburi köçkünlər də ağır günlər keçiriblər. Hazırda onlar respublikamızın 38 şəhər və rayonunda məskunlaşaraq Azərbaycan dövlətininin diqqət və qayğısı ilə əhatə ediliblər.

Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini, mənzil məişət şəraitinin yaxşılaşdırılmasını prioritet olaraq müəyyənləşdirib. Məcburi köçkünlərin mənzillə təminatı mərhələli şəkildə aparılır. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığına əsasən, öncə qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkünlər mənzillə təmin edilir. Dövlətimizin başçısı yeni ildə də bu sahədə mühüm tədbirlərin görüləcəyini bəyan edib.

Daha sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin ərazisi işğal edilmiş rayonlardakı şöbələrinin rəhbərləri, Xankəndindən olan ziyalılar və keçmiş döyüşçülər çıxış ediblər. Tədbirdə Xankəndinin və işğal altındakı digər ərazilərin tezliklə azad ediləcəyinə, məcburi köçkünlərimizin yenidən öz doğma torpaqlarına qayıdacaqlarına böyük inam ifadə edilib. Anım tədbiri çıxışlarla davam edib. Sonda Xankəndiyə həsr olunmuş film nümayiş olunub.

Orphus sistemi