Üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiqləyib

Üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiqləyib "Qədim yurd yerimiz olan Dağlıq Qarabağın azad edilməsi üçün başlanan Vətən müharibəsi böyük qələbəmizlə başa çatıb.
Qarabağ
11 Noyabr , 2020 16:49
Üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiqləyib

"Qədim yurd yerimiz olan Dağlıq Qarabağın azad edilməsi üçün başlanan Vətən müharibəsi böyük qələbəmizlə başa çatıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı zəfər yürüşü 44 gün ərzində 30 ilin həsrətinə son qoyub, avantürist Ermənistanın təcavüzkar silahlı qüvvələrini darmadağın etdi, işğal altında qalan torpaqlarımızı əsl sahibinə qaytarıb. Siyasi, strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyan Qarabağın işğaldan azad edilməsi erməni xalqının sərsəm təxəyyülünün məhsulu olan və onu əsrlərdir bəlalara sürükləyən "Böyük Ermənistan” xülyasının tam iflasını gerçəkləşdirib".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edib: "Sentryabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa Azərbaycanın maraqlarına uyğun hazırlanan tarixi bəyanat Dağlıq Qarabağ münaqişəsinini həlli istiqamətində son nöqtə oldu. Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. İşğalçı Ermənitan hakimiyyətinin “Artsax" adlı qondarma dövləti ermənilərin xəyallarında qaldı, Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu".

Deputat bildirib ki, ən vacib məqamlardan biri Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addımın atılması olub: "Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbitini tapıb. Bununla da mənfur düşmənin 1990-cı illərdə mühasirəyə aldığı Naxçıvan faktiki olaraq blokadadan azad olunub. O vaxtdan bu günə kimi ilk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya FTX-nın Sərhəd Xidməti tərəfindən təmin olunur. Ali Baş Komandan birgə bəyanatdan sonra imzalanan üçtərəfli sənəddəki bu müddəa ilə bağlı danışarkən "Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı" ifadələri də Azərbaycanın döyüş meydanında olduğu kimi siyasi arenada da qalib olduğunu bir daha təsdiq edir.

Dünyanın ən mötəbər tribunalarında işğal altındakı torpaqların danışıqlar masası arxasında həllinin mümkün olmayacağı təqdirdə hərb variantının gündəmə gələcəyini dəfələrlə bəyan edən Preizdent İlham Əliyevin xəbərdarlıqlarını qulaqardına vuran işğalçı Ermənistan isə bu gün məkrli, təcavüzkar siyasətlərinin açısını məğlubiyyətini yaşayır. Ümid edək ki, erməni xalqı bu açı məğlubiyyətlərindən dərs çıxaracaq, bir daha özgə malına göz dikməyəcək".

Son xəbərlər

Orphus sistemi