Altı aylıq övladının nişanələri ilə müharibəyə qatılan hərbçi

Altı aylıq övladının nişanələri ilə müharibəyə qatılan hərbçi Altı aylıq övladının qoxusunu üzərində gəzdirdiyi onun nişanəsindən alır. Sosial şəbəkələrdə yayılan bu görüntülərdəki hərbiçini yəqin ki çoxlarınız izləmisiniz. Ən təsirli məqamı isə hərbiçinin şəhid olacağı təqdirdə övladının bu nişanələri ilə birlikdə
Qarabağ
15 Noyabr , 2020 19:41
Altı aylıq övladının nişanələri ilə müharibəyə qatılan hərbçi

Altı aylıq övladının qoxusunu üzərində gəzdirdiyi onun nişanəsindən alır. Sosial şəbəkələrdə yayılan bu görüntülərdəki hərbiçini yəqin ki çoxlarınız izləmisiniz. Ən təsirli məqamı isə hərbiçinin şəhid olacağı təqdirdə övladının bu nişanələri ilə birlikdə dəfn edilməsini vəsiyyət etməsidir.

“Report”un Muğan bürosunun müxbiri hazırda azad olunmuş ərazilərimizdə xidmətdə olan hərbçimizin Cəlilabad rayonu, Alar kəndindəki evində olub.

Döyüşlərin ilk günündən cəbhəyə könüllü yollanarkən Mehman Seyfullayevin yeganə övladı Fəridə cəmi 6 aylıq olub. Artıq, 2 aya yaxındır ki, övladını görməyən atanın indi yeganə təsəllisi onun şəklinə baxmaq və corablarını qoxulamaqdır.

Hərbçinin həyat yoldaşı Zivər Seyfullayeva deyir ki, həyat yoldaşı ilə beş gün öncə danışıb:

“Onda dedi ki, Fəridənin üzü yadımdan çıxıb, əsgərlərin yanına sovqat göndərilən zaman istədim uşağın həm şəkilini, həm də corablarını da göndərim. Corabları özü almışdı. Körpəsinin qoxusunu hiss etsin, şəkilini də görüb xatırlasın. Görəndə də tanımayıb, elə bilib başqa uşağın şəkilidir. Sonra deyib ki, yəqin Fəridədir. Görüb kövrəlmişdi”.

Aylardır görmədiyi övadının nişanəsini ürəyinin başında gəzdirən Mehman Seyfullayev 10 milyonluq ürəkləri qoruyan vətən övladlarından biridir. Məhz onun kimi igidlərin doğmalarına olan sevgisi, bizim 30 illik Vətən həsrətimizə son qoydu.

Əmisi Əfqan Seyfullayev deyir ki, Mehman Vətən Müharibəsinə getdiyi ilk gündən Suqovuşan kəndi və Goranboy rayonu istiqamətində bir çox döyüşlərdə olub:

“Həmişə xoş xəbərlər verib. Şuşanın alınmasında da şəxsən iştirak edib. O döyüşlərdə olub”.

Məhz Mehman kimi qəhrəmanlarımız düşmənə aman verməyərək bizə şanlı qələbə bəxş edib. 8 aylıq balaca Fəridə atasının bu həsrətli günlərini gələcəkdə xatırlamasa da, onun iştirak etdiyi qəhrəmanlıq salnaməsini izləyəndə mütləq qürur duyacaq.

Son xəbərlər

Orphus sistemi