İqlim maliyyəsi Paris Sazişinin məqsədlərinə, o cümlədən istixana qazı emissiyalarının azaldılmasına nail olmaq üçün ən vacib amildir.
“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Transformasiyaedici iqlim fəaliyyəti: Maliyyə daxilolmalarından təsirə və Çoxtərəfli İnkişaf Banklarının katalitik təsirinə keçid" mövzusunda təşkil olunan dəyirmi masada çıxışı zamanı bildirib.
"Bu günlərdə tez-tez baş verən iqlim fəlakətləri iqlim tədbirlərinin təxirəsalınmazlığını vurğulayır. COP29 - iqlim böhranı ilə mübarizədə birləşmək bacarığımızı bütün dünyaya nümayiş etdirmək imkanımızdır", - o qeyd edib.
COP29 sədrliyi hesab edir ki, Çoxtərəfli İnkişaf Banklarının islahatları daha çox əlçatan uzunmüddətli resursların cəlb edilməsi üçün həlledici əhəmiyyət kəsb edir:
"COP29 danışıqlarında əsas prioritet inkişaf etməkdə olan ölkələrin ehtiyac və prioritetlərinin, problemlərinin təxirəsalınmazlığını və miqyasını nəzərə alacaq iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi sahəsində Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasıdır.
Aydın olur ki, Çoxtərəfli İnkişaf Bankları iqlim maliyyələşdirilməsinin keyfiyyətinin artırılmasında və beynəlxalq maliyyə arxitekturasının islahatlarının irəlilədilməsində mühüm rol oynayır".
COP29-un Baş danışıqçısı hesab edir ki, Çoxtərəfli İnkişaf Banklarının dünyaya düzgün siqnallar göndərməsinin vacibliyini vurğulamaq lazımdır: “Onlar özəl sektorun investisiyalarının cəlb edilməsində həlledici rol oynayırlar".