Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyi COP29-a uğurla ev sahibliyi etmək üçün Azərbaycan hökuməti və xalqı ilə işləməyi səbirsizliklə gözləyir.
"Report"un Dubaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) əməliyyatların əlaqələndirilməsi üzrə baş direktoru Çhaya Kapilaşrami deyib.
“İlk növbədə, biz Azərbaycanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi üçün təbrik edirik. Məhz bu platformada konvensiyaya qoşulan 198 ölkə ilə iqlim danışıqları aparılacaq. Ona görə də gələn ilin noyabrında bu konfransı sizin ölkənizdə keçirəcəyimiz üçün çox şadıq”, - o bildirib.
Onun sözlərinə görə, UNFCCC COP29-un vacib hissəsi olacaq maliyyə müzakirələrini dəstəkləməyə ümid edir: “COP28-də, ilk günlərdə “zərər və itkinin kompensasiyası Fondu” ilə bağlı mühüm qərar qəbul etdik. Elə ilk gün biz də gündəliyi qəbul etdik. Bildiyiniz kimi, son iki həftə ərzində biz iqlim dəyişikliyinin azaldılması və digər mühüm məsələlərə dair danışıqlar üzərində işlədik”.
Qeyd edək ki, dekabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının - COP29-un 29-cu sessiyasının gələn il Azərbaycanda keçirilməsi rəsmən elan edilib.