Gömrük orqanları "yaşıl" ticarətin inkişafını stimullaşdırmaqla iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verə bilər.
Bunu "Report"a açıqlamasında Ümumdünya Gömrük Təşkilatının (ÜGT)Tarif və ticarət məsələləri üzrə müvəqqəti direktoru Qael Qrubi (Gael Grooby) deyib.
O bildirib ki, dünyada hökumətlərin yaşıl və davamlı ticarəti təşviq edən siyasətlərinin həyata keçirilməsində gömrük mühüm rol oynayır: "Bunun üçün gömrük proseslərdə tam şəkildə iştirak etməli və aktiv olmalıdır. "Yaşıl gömrük" çox geniş bir anlayışdır. Bu təşəbbüs çoxtərəfli ekoloji sazişlər çərçivəsində ilk növbədə gömrük orqanlarının roluna diqqət yetirməklə başlayıb. Lakin bu təşəbbüs genişləndi. Çünki ticarət ətraf mühitin deqradasiyası, çirklənməsi və iqlim dəyişikliyinin bir hissəsi olduğu üçün, bu problemlərin həllində də mühüm rol oynaya bilər".
ÜGT rəsmisi qeyd edib ki, təşkilat və onun üzvləri bu problemi təkbaşına həll edə bilməz: "İqlim dəyişikliyi ilə mübarizə fərdlərdən tutmuş qurumlara qədər hər kəsin vəzifəsidir. ÜGT və gömrük xidmətləri bu həllin bir hissəsidir. Biz ətraf mühit nazirlikləri, ticarət nazirlikləri, iqtisadiyyat nazirlikləri, ticarət tərəfdaşları, özəl sektor və ticarətdə maraqlı olan digər qurumlarla birlikdə işləməliyik. Birlikdə böyük irəliləyiş əldə edə bilərik. Gömrüklərin bu prosesə töhfəsi "yaşıl ticarət"i təşviq etmək, zərərli ticarəti məhdudlaşdırmaq və dairəvi iqtisadiyyat kimi yeni ticarət üsullarını asanlaşdırmaqdır. Biz karbonun azaldılmasına, iqlim dəyişikliyinə uyğunlaşmaya kömək edən malların ticarətini dəstəkləyə bilərik".