Türkiyə "Uzunmüddətli iqlim strategiyasının təsirinin azaldılması hədəfləri" çərçivəsində emissiyaların ən çox qaynaqlandığı enerji sektorunda iddialı hədəflər qoyub.
"Report" xəbər verir ki, bunu Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum COP29-un "Mavi Zona"sında bu ölkənin “2024-2030-cu illər üçün İqlim Dəyişikliyinə Uyğunlaşma Strategiyası və Fəaliyyət Planı”nın təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, Türkiyə 2053-cü ilə qədər enerji sektorunda bərpa olunan enerji mənbələrini mümkün qədər artırmağı hədəfləyir:
"Biz bərpa olunan enerjinin payını 50 faizə, nüvə enerjisinin payını isə 29 faizə çatdırmağı planlaşdırırıq. Bununla milli miqyasda istifadə edəcəyimiz enerjinin təxminən 80%-ni karbonsuz edəcəyik. Sənaye sektorunda 2053-cü ilə qədər sementdə 93% emissiya, dəmir və poladda 99%, alüminiumda 75% emissiya azalmasını gözləyirik".
M.Kurum söyləyib ki, Türkiyə tullantı sektorunda "Sıfır tullantı prinsipi" ilə hərəkət edəcək.
"İllər keçdikcə tullantıların poliqonlara göndərilməsini dayandıracağıq. Tullantıların bərpası nisbətini 70%-ə çatdıracağıq".