COP28-də əldə edilmiş təkanı davam etdirmək üçün Troykanın işinin təmin edilməsi uğurun mühüm amilidir.
"Report" xəbər verir ki, bunu COP28-in prezidenti Sultan Əl-Cabir BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində panel sessiya zamanı deyib.
Onun sözlərinə görə, bu təkan birgə səylərlə COP28-dən COP29-a, daha sonra isə COP30-a keçməlidir.
COP28-in prezidenti vurğulayıb ki, nəticə əldə etmək üçün beynəlxalq ictimaiyyətin dəstəyi lazımdır.
“Biz hər bir NDC-nin (milli səviyyədə müəyyən edilmiş töhfələr) ən yüksək ambisiyalara və həyata keçirilmək potensialına malik olmasını, eləcə də bütün komponentlər üzrə balanslaşdırılmasını təmin etmək üçün birgə əməkdaşlıq etməliyik”, - o bildirib.
Əl-Cabir vurğulayıb ki, yalnız beynəlxalq ictimaiyyətin səyləri ilə iqlim sahəsində irəliləyişdə ədaləti təmin etmək mümkün olacaq.