Dairəvi iqtisadiyyatın yaradılması üçün qlobal səylər qlobal istiləşmə ilə mübarizədə qalıq yanacaqdan sürətli imtina ilə məhdudlaşan "yaşıl gündəlik"dən daha çox təsirli olardı.
“Report” xəbər verir ki, bunu Rusiya Prezidentinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Bakıda keçirilən COP29 iqlim konfransında çıxışı zamanı bildirib.
"Zibil problemi qlobal istiləşmə ilə müqayisədə daha kəskin problemdir. Son iki onillikdə dünyada materialların istehlakı 65 %-dən çox artıb. İstifadə edilmiş materialların yalnız 7,2 %-i iqtisadiyyata geri qayıdır. Üstəlik, bu rəqəm azalıb və 2018-ci ildə 9,1 % təşkil edib. Əgər bu tendensiya davam edərsə, artan tullantı yığını üçün planetimizin sahəsi kifayət etməyəcək", - B.Titov qeyd edib.
Onun sözlərinə görə, dairəvi iqtisadiyyat resursların qənaətinə böyük töhfə verməklə yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə də həlledici əhəmiyyət kəsb edir. Qlobal istixana qazı emissiyalarının 70 %-i cəmi üç sənaye sahəsinin - sement, metal və plastik istehsalının payına düşür. Bu sahələrin dairəvi iqtisadiyyata keçirilməsi 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 % azalda bilər. Əgər ərzaq sisteminə dairəvi yanaşmanın tətbiqini əlavə etsək, göstərici artıq 49 % təşkil edəcək", - o qeyd edib.
B.Titov hesab edir ki, dairəvi iqtisadiyyat BMT-nin bir neçə dayanıqlı inkişaf məqsədlərini yerinə yetirir.
O əlavə edib ki, ABŞ-də aparılan hesablamalara əsasən, dairəvi iqtisadiyyata tam keçid ölkənin xammala olan tələbatını azaldır və 1,5 trilyon ABŞ dollarına yaxın (ÜDM-in 7 %-i) əlavə vəsaitin yaranmasına səbəb olur.
"Dairəvi iqtisadiyyat bütün dünya üçün geniş imkanlar açır və qalıq yanacaqdan çətin reallaşdırılan imtinanın alternatividir", - Rusiya Prezidentinin xüsusi nümayəndəsi vurğulayıb.
"Dairəvi iqtisadiyyatının nəhəng potensialı var və ondan tam şəkildə istifadə etməyin vaxtı çatıb", - B.Titov əlavə edib.