Effektiv şəffaflıq sistemləri iqlim siyasətini ən yaxşı şəkildə başa düşmək və həyata keçirmək üçün vacibdir.
"Report" xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma “Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) ümumi iştirak vasitəsilə iqlim məsələlərinin şəffaflığının artırılması” adlı yüksək səviyyəli dialoq çərçivəsində keçirilən paneldə bildirib.
Onun fikrincə, İkiillik Şəffaflıq Hesabatları (BTR) iqlim siyasətinin mövcud reallıqlara vaxtında reaksiya verməsinə və tənzimləməsinə imkan verir.
Diplomat vurğulayıb ki, Macarıstan Bakı Qlobal İqlim Şəffaflığı Platforması təşəbbüsünə görə də Azərbaycana minnətdardır: “Biz COP29-da Azərbaycan sədrliyinin şəffaflığa dair gələcək müzakirələrə diqqəti yönəltmək qərarını çox yüksək qiymətləndiririk. Çünki bu, qlobal iqlim planlaşdırmasının təməl daşı, mərkəzi elementidir və çox vaxt diqqətdən kənarda qalan mövzudur”.
Səfir əlavə edib ki, Avropa İttifaqı (Aİ) ölkələri öz BTR-lərini vaxtında hazırlamaq üçün intensiv işləyir və bu məsələni digər tərəflərlə müzakirə etmək imkanını yüksək qiymətləndirirlər: “Bu baxımdan, belə mühüm dialoqun təşkilinə görə Azərbaycan sədrliyinə bir daha təşəkkür etmək istərdim”.