Səbinə Əliyeva: Qlobal iqlim dəyişikliyi insan hüquqlarının müdafiəsi və təmini baxımından çətinliklər yaradır

Səbinə Əliyeva: Qlobal iqlim dəyişikliyi insan hüquqlarının müdafiəsi və təmini baxımından çətinliklər yaradır Qlobal iqlim dəyişikliyi ətraf mühitə, ölkələrin dayanıqlı inkişafına, insanların sosial rifahına əhəmiyyətli dərəcədə mənfi təsir göstərməklə yanaşı, insan hüquqlarının müdafiəsi və təmini baxımından da bir sıra çətinliklər yaradır.
COP29
2 Oktyabr , 2024 11:00
Səbinə Əliyeva: Qlobal iqlim dəyişikliyi insan hüquqlarının müdafiəsi və təmini baxımından çətinliklər yaradır
Səbinə Əliyeva

Qlobal iqlim dəyişikliyi ətraf mühitə, ölkələrin dayanıqlı inkişafına, insanların sosial rifahına əhəmiyyətli dərəcədə mənfi təsir göstərməklə yanaşı, insan hüquqlarının müdafiəsi və təmini baxımından da bir sıra çətinliklər yaradır.

"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Konfransında çıxışı zamanı deyib.

Ombudsman ekoloji problemlərin yaranmasına gətirib çıxara bilən iqlim dəyişmələrinin fəsadları yalnız bir ölkə və ya regionun ərazisi ilə məhdudlaşmadığını bildirib:

"BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində də öz əksini tapmış təmiz su və sanitariya, iqlim dəyişikliklərinə qarşı mübarizə, dəniz və torpaq ekosistemlərinin mühafizəsi kimi ətraf mühitlə bağlı problemlərin həlli istiqamətində yerli, regional və beynəlxalq səviyyələrdə əməkdaşlığın gücləndirilməsi, insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan ekoloji hüquqların səmərəli təşviqi, müdafiəsi və təmini mexanizminin daha da təkmilləşdirilməsi prioritet bir vəzifə kimi qarşıda durur".

S.Əliyeva vurğulayıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağ torpaqlarına dəyən ziyan Azərbaycana qarşı beynəlxalq ekosid cinayətidir:

"Ermənistanın ərazilərimizdə həyata keçirdiyi mina terroru insanların həyat və sağlamlığına təhdid yaradır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışına, bölgədə aparılan bərpa-quruculuq işlərinə maneə törədir, regionda ekoloji tarazlığın pozulmasına səbəb olur. İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci il 10 noyabr tarixindən bu günə kimi mina qurbanlarının sayı 379 nəfər olub. Ümumilikdə isə 1991-ci ildən indiyədək 359 nəfəri uşaq, 38 nəfəri isə qadın olmaqla, mina qurbanlarının sayı 3 458 nəfər təşkil edir".

Ombudsman qeyd edib ki, Azərbaycan və Ermənistanın özü üçün deyil, həm də bütün bölgə üçün potensial təhlükə mənbəyinə çevrilmiş Metsamor Atom Elektrik Stansiyası texniki və mənəvi cəhətdən köhnələrək istismara yararsız vəziyyətə düşüb. Buna baxmayaraq, hələ də fəaliyyət göstərərək ətraf mühiti ciddi şəkildə çirkləndirir:

"Azərbaycan Ombudsmanı olaraq dəfələrlə müvafiq beynəlxalq təşkilatlara müraciət edərək Çernobıl və Fukusimaya bənzər növbəti atom faciəsinin qarşısının alınması məqsədilə Metsamor Atom Elekrik Stansiyasının işinin təhlükəsiz şəkildə dayandırılmasını və tamamilə bağlanmasını, habelə radioaktiv tullantıların beynəlxalq nəzarət altına alınması üçün təcili tədbirlər görülməsini tələb etməklə dünya ictimaiyyətinin diqqətini bu məsələyə cəlb etmişik.

Bütün bu çətinliklərə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiqi ekosistemin bərpasına yönəlmiş mühüm tədbirlərdəndir. Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərə uyğun olaraq iqlim dəyişiklikliyinin mənfi təsirlərinə və bundan yaranan mümkün risklərə qarşı mübarizəyə xüsusi önəm verən ölkələr sırasında ən öncül yerlərdən birini tutur".

Son xəbərlər

Orphus sistemi