Saymon Stil: İqlim maliyyəsi məsələsi Bakıda keçiriləcək COP29-da həll oluna bilər

Saymon Stil: İqlim maliyyəsi məsələsi Bakıda keçiriləcək COP29-da həll oluna bilər Bu ilin noyabrında dünya ictimaiyyəti Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) toplaşacaq. Bu genişmiqyaslı forumun əsas vəzifəsi inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab vermə
COP29
17 Oktyabr , 2024 16:24
Saymon Stil: İqlim maliyyəsi məsələsi Bakıda keçiriləcək COP29-da həll oluna bilər

Bu ilin noyabrında dünya ictimaiyyəti Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) toplaşacaq. Bu genişmiqyaslı forumun əsas vəzifəsi inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verməli olan yeni beynəlxalq iqlim maliyyəsi hədəfinin razılaşdırılması olacaq.

"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Brukinq İnstitutunun Qlobal İqtisadiyyat və İnkişaf Proqramının onlayn tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, COP29 qlobal iqtisadiyyatın və milyardlarla insanın həyatının iqlim dəyişikliyinin fəlakətli təsirlərindən xilas edilməsində iqlim maliyyəsinin oynadığı aparıcı rolu qəbul edən tədbirlər konfransı olmalıdır.

Yeni maliyyə hədəfinin konkret parametrləri hələ müəyyən edilməsə də, onun əsasını dövlət maliyyələşdirməsinin təşkil edəcəyi gözlənilir. Eyni zamanda, vəsaitlərin böyük hissəsi daha çox ehtiyacı olan ölkələr üçün prioritet olmaqla əvəzsiz və ya güzəştli əsaslarla verilməlidir”, – UNFCCC-nin rəhbəri bildirib.

O qeyd edib ki, müzakirənin əsas aspekti iqlim maliyyələşdirilməsinin effektivliyinin artırılması olacaq. Maliyyə bazarlarında özəl investisiyaların cəlb edilməsi və “yaşıl” investisiyalar üçün stimulun yaradılması mexanizmlərinin nəzərdən keçirilməsi planlaşdırılır.

“Kimin nə qədər ödəyəcəyi ilə bağlı əsas məsələ Bakıda həll oluna bilər, lakin biz ora Paris Sazişini yenidən müzakirə etmək üçün getmirik”, - deyən S.Stil əlavə edib ki, vəd edilmiş vəsaitin daxil olmasını izləmək və təmin etmək üçün mexanizmlərin yaradılması da vacibdir.

Onun sözlərinə görə, iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsini operativ surətdə artırmaq və beynəlxalq karbon bazarlarının ümumi rifaha xidmət etməsini təmin etmək üçün daha çox iş görülməlidir.
UNFCCC-nin rəhbəri qeyd edib ki, COP28-də nail olunmuş irəliləyişin inkişaf etdirilməsi, bərpa olunan enerji mənbələrinin üç dəfə, enerji səmərəliliyinin iki dəfə artırılması, adaptasiyanın sürətləndirilməsi və qalıq yanacaqdan mərhələli şəkildə imtina edilməsi ilə bağlı BƏƏ Konsensusunda təsbit edilmiş vədləri yerinə yetirmək üçün yeni milli iqlim strategiyaları maliyyələşdirilməlidir. Həmçinin İtki və Zərər Fondunun tammiqyaslı fəaliyyətini təmin etmək, pulu daha çox ehtiyacı olanlara yönəltmək lazımdır.

“Biz həm ölkələr arasında, həm də onların daxilində ciddi parçalanmaların şahidi oluruq. Belə anlarda özümüzə qapanmaq istəyi yaranır. Bu, başqasının bostanında baş verənlərin mənim problemim və qayğım olmadığına dair reallıqdan uzaq bir inancdır və iqlim dəyişikliyi ilə qlobal mübarizədə uduzmağın doğru yoludur”, - o əlavə edib.
"Buna görə də gəlin vəziyyəti dəyişəcək, iqlim dəyişikliyi ilə mübarizənin daha çox və keyfiyyətli maliyyələşdirilməsinin bütün ölkələrin maraqlarına tam cavab verdiyini və hərtərəfli uğura gətirib çıxara biləcəyini qəbul edən bir yol seçək”, - S.Stil bildirib.

Son xəbərlər

Orphus sistemi