İqlim fəaliyyəti planetdəki insanlar üçün olduqca vacib məsələdir.
“Report” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil COP29 çərçivəsində keçirilən Parlament Görüşündə bildirib.
Onun sözlərinə görə, dünya ictimaiyyəti qlobal iqlim dəyişikliklərinə vaxtında cavab verə bilmir.
"Ötən ay biz iqlim sahəsində fəaliyyətimizin həm emissiya boşluğu haqqında son hesabatda, həm də milli səviyyədə müəyyən edilmiş töhfələr haqqında ümumi hesabatda tələb olunan templərə uyğun olmadığına diqqət yetirdik. Biz başa düşürük ki, planetimiz 2,6-3,1 dərəcə Selsi həddində qlobal istiləşməyə doğru gedir. Bu, bəşəriyyətin üzləşdiyi ən dəhşətli nəticələrdən qaçmaq üçün nail olmalı olduğumuz 1,5 dərəcə hədəf göstəricilərindən xeyli yüksəkdir", - icraçı katib bildirib.
S.Stil dünya ictimaiyyətini iqlim ambisiyalarını artırmağa və siyasəti dəyişməyə çağırıb. Onun sözlərinə görə, əgər bəşəriyyət bəyan edilmiş məqsədlərlə real nəticələr arasındakı boşluğu aradan qaldırmasa, planeti fəlakət gözləyir.
"Bəyan edilmiş planlarımız kağız üzərində qala bilməz, onlar həyata keçirilməlidir və bunu nə qədər tez etsək, bir o qədər yaxşı olar. Bu, bizim son şansımızdır", - S.Stil qeyd edib.
O, həmçinin bərpa olunan enerji mənbələrinə keçidin vacibliyini vurğulayıb, çünki onlar dünya ictimaiyyətinin qəbul edə biləcəyi ən səmərəli həlldir.
S.Stil bildirib ki, iqlimin maliyyələşdirilməsi sahəsində Yeni Kollektiv Kəmiyyət Hədəfi bütün dünyada xüsusilə iqlim maliyyələşdirilməsi ilə bağlı daha çox çətinliklə üzləşən ölkələrin inkişafına təkan verən vacib amil olacaq.
"Milli səviyyədə razılaşdırılmış töhfələr bu əsrin ən mühüm sənədlərindən biri olacaq. Onlar bütün iştirakçılar üçün artım və imkanları stimullaşdıracaq, bu fürsəti isə qaçırmaq olmaz", - icraçı katib əlavə edib.