Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təkcə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin deyil, həm də planetin gələcəyini xilas etmək şansı ola bilər.
"Report" xəbər verir ki, bu barədə Samoanın BMT yanında daimi nümayəndəsi Pa'oleleya Lyuterunun Böyük Britaniya nəşrlərindən birində dərc olunmuş məqaləsində bildirilib.
Məqalənin müəllifi ada dövlətlərinin iqlim dəyişikliyinin nəticələrinə qarşı ən həssas ölkələr olduğunu, bu böhranla mübarizədə iqlimin maliyyəsinin əsas rolunu vurğulayır.
"Effektiv maliyyələşdirmə olmadan uyğunlaşma və iqlim təsirlərinin azaldılması üzrə səylər kifayət etməyəcək, zərərin kompensasiyası isə tam olmayacaq. Maliyyə axınları qlobal temperaturun artımını 1.5°C-dən aşağı saxlamağın açarıdır. Maliyyələşdirmə təmin edilməzsə, müəyyən edilmiş yoldan çıxmaq riski ilə üzləşirik. Bununla yanaşı, zərərin bərpa olunması mümkünsüz ola bilər", - P.Lyuteru bildirib.
Onun sözlərinə görə, dünyanın ən az inkişaf etmiş ölkələri və ada dövlətləri iqlim təşəbbüslərini maliyyələşdirmək əvəzinə, hərbi münaqişələri dəstəkləmək üçün sonsuz resurslar tapan böyük dövlətlər ilə müqayisədə iqlim gündəliyinə daha çox sadiqlik nümayiş etdirirlər.
"Bu ilki konfransda biz beynəlxalq ictimaiyyəti iqlim proqramlarının maliyyələşdirilməsi haqqında sazişin bağlanması üzrə öhdəliklər götürməyə çağırırıq. Bu, trilyonlarla dolların ayrılmasını təmin edəcək. Etibarlı maliyyə hədəfi Paris Sazişinin doqquzuncu maddəsində əks olunmuş çoxsaylı vədlərin və müdafiə tədbirlərinin həyata keçirilməsinə imkan verəcək. İnkişaf etməkdə olan kiçik ada dövlətləri böyük ölkələrin hərəkətlərinin əvəzini ödəyirlər", - P.Lyuteru vurğulayıb.
O, həmçinin qeyd edib ki, daha böyük ölkələri də misli görünməmiş nəticələr gözləyir. Eyni zamanda daimi nümayəndə COP29-da həm hər kəs üçün layiqli həyatın təmin edilməsi, həm də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin müdafiəsi üçün mühüm imkandan istifadə etməyin vacibliyini bildirib.