Bolqarıstan Prezidenti Rumen Radev Şaquli Qaz Dəhlizinin iştirakçılarının sayının artacağına əminliyini ifadə edib.
“Report”un məlumatına görə, Bolqarıstan prezidenti bu fikri Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəsinin pavilyonunda keçirilən "Şaquli Dəhliz: Avropanın Yeni Enerji Magistralı" tədbirində səsləndirib.
"Biz rəqabət qabiliyyətimizi, diversifikasiyanı və təchizatın etibarlılığını artırmaq üçün hər şeyi etməliyik. Şaquli Qaz Dəhlizi bizi regionlararası əməkdaşlığın növbəti, daha yetkin mərhələsinə aparır. Hesab edirəm ki, bu dəhlizin konsepsiyası həm ölkələrimiz, həm də Rumıniya kimi tərəfdaşlarımız və müttəfiqlərimiz üçün daha geniş imkanlar və fəaliyyət azadlığı təqdim edir. Biz Moldova və Ukraynanın bizə qoşulmasına çox şadıq. Əminəm ki, ölkələrin sayı artacaq", - deyə o bildirib.
R. Radev qeyd edib ki, bir neçə il əvvəl Avropa İttifaqı dekarbonizasiya üzrə ən iddialı hədəfləri qarşısına qoyub, lakin COVID-19, enerji böhranı, Ukraynada müharibə kimi bir sıra ciddi böhranlar təchizat zəncirini pozub, enerji qiymətləri kəskin şəkildə artıb.
"Nəticədə rəqabət qabiliyyətimiz azalmağa başlayıb. Bütün bu vəziyyətləri nəzərə alaraq, Şaquli Qaz Dəhlizi üçün bəzi vacib nəticələr əldə etməliyik. İlk növbədə, əsas Avropa hədəfi olan rəqabət qabiliyyətini artırmaq və sıfır emissiyalı iqtisadiyyata keçid prosesi çərçivəsində - bu kifayət qədər iddialı bir vəzifədir", - o deyib.
Bolqarıstan Prezidenti əlavə edib ki, Şaquli Qaz Dəhlizinin iştirakçıları malik olduqları bütün resurslardan istifadə etməlidirlər. "Biz coğrafi imkanlarımızdan, elmimiz və innovasiyalarımızdan istifadə etməliyik. Bu gün biz məhz bunu edirik", - deyə o vurğulayıb.
R. Radev qeyd edib ki, növbəti onilliklərdə qaz keçid prosesində əsas yanacaq olaraq qalacaq. "Biz həmçinin yeni səviyyəyə keçməliyik və bunu birlikdə edirik. Bu da ekoloji təmiz hidrogen yanacağına keçiddir", - deyə o bildirib.