Mərkəzi Asiya ölkləri böyük bərpa olunan enerji potensialına malikdir və bu region enerji keçidində ön sıralarda ola bilər.
"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov COP29 çərçivəsində təşkil olunmuş "2030-cu ilə qədər bərpa olunan enerji üzrə qoyuluş gücünün üçqat artırılması: Mərkəzi Asiyada bərpa olunan enerjidən istifadənin sürətləndirilməsi üçün praktiki işlərin görülməsi" adlı Mərkəzi Asiya üzrə Regional Seminarda bildirib.
Onun sözlərinə görə, Mərkəzi Asiya qlobal enerji keçidinin mühüm hissəsidir və regionda enerji keçidi məqsədlərinə nail olmaq böyük investisiyalar tələb edir: "Bu texnologiyalar yüksək kapital tutumludur, yəni onlara ilkin mərhələdə böyük xərc çəkmək lazımdır. Günəş və quruda külək enerjisi kimi bəzi enerji keçidi elementləri son onilliklərdə əhəmiyyətli dərcədə ucuzlaşıb. Ancaq bəzən onların hələ də baha olması ilə bağlı problemlər, dəyər zəncirləri ilə bağlı qeyri-müəyyənliklər yaranır.
Biz "yaşıl layihə"lərə sərmayə qoyuluşu qarşısındakı əsas maneələri aradan qaldırmalıyıq"
Nazir müavini qeyd edib ki, "Global stocktake" hesabatına əsasən, 2030-cu ilə qədər təmiz enerjiyə təxminən 4,3 trilyon ABŞ dolları sərmayə qoymaq lazımdır.