BMT-nin Ətraf Mühit Proqramı göstərir ki, dünya fəlakətli temperatur artımına (3 dərəcə) doğru gedir. Bu da cəmiyyətlərin mövcudluğuna təhlükə yaradacaq. Ancaq bu gələcəyin problemi deyil. İspaniyadakı su basmış evlərdən Avstraliyadakı meşə yanğınlarına, Sakit okeanda dəniz səviyyəsinin qalxmasından Şərqi Afrikadakı daşqınlara qədər iqlim dəyişikliyi artıq buradadır.
“Report” xəbər verir ki, bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılış mərasimində bildirib.
O qeyd edib ki, əziyyət çəkən dünyaya mərhəmət, dua və sənədlərdən daha çox şey lazımdır: "Onlar fəaliyyətə çağırırlar. COP29 irəliyə doğru yeni bir yol cızmaq üçün təkraredilməz bir andır. Problemlər təcili həll edilməli, çox iş görülməlidır. Bu 12 gün ərzində danışıqlar çətin olacaq, lakin fikir ayrılıqları aradan qaldırılmalıdır. Biz siyasi və maliyyə məhdudiyyətlərini başa düşürük, lakin bu investisiyalar özünü doğruldacaq”.
"COP29 hər kəsin irəliləməsinə təkan verən məqamdır. COP29 sədrliyi uğurla bağlı zəmin yaratmaq üçün bütün səylərini göstərib. Biz bütün mandatları nəzərə alan və qlobal nəticələri irəli aparan ambisiyalı, balanslaşdırılmış paket hazırlamaq üçün üzləşdiyiniz problemlərlə tanış olmaq məqsədilə bütün dünyanı gəzdik", - nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycan sədrliyi öz planını iki mühüm təməl üzərində qurur: "Aydın planlar hazırlamaq və onları maliyyə cəhətdən möhkəmləndirmək lazımdır. Bu iki amil bir-birini qarşılıqlı şəkildə gücləndirir. Maliyyə sayəsində biz planların ambisiyalılıq səviyyəsini artıra bilərik".
M.Babayev, həmçinin on illik müddətdə şəffaflıq sahəsində nəticə əldə etməyin vacibliyini qeyd edib: "Trilyonlarla dollarlara ehtiyacımız olduğunu bilirik. Lakin bu səviyyəyə çatmaq, bu məqsədə nail olmaq barədə müxtəlif fikirlər var. Biz, həmçinin eşitmişik ki, bu, real məqsəddir. Bu rəqəmlər böyük görünə bilər, lakin onlar fəaliyyətsizliyin dəyəri ilə müqayisədə heç nədir".
Nazir, həmçinin vurğulayıb ki, 6-cı Maddə (karbon bazarları) üzrə məqsədə nail olmaqda qətiyyətlidirlər: “Bu, ildə 250 milyon dollar qazanc əldə etməyə imkan verəcək. Eyni zamanda prinsipial şəkildə vacibdir. Tərəflər dəstək göstərməli və bütün həll olunmamış məsələləri həll etməlidirlər”.
"Şəffaflıq üzrə ilk hesabat bu il təqdim ediləcək. Azərbaycan qlobal problemləri həll etməyə hazırdır. Biz, həmçinin İtkilər və Zərərlər Fondu üzrə işləri irəli aparmaq üçün bütün səylərimizi göstərdik. Bu, bütün fondlara aiddir və iqlim dəyişikliyindən ən çox əziyyət çəkən icmaları dəstəkləmək üçün fundamental əhəmiyyət kəsb edir. Bu gün Beynəlxalq Enerji Agentliyi ilə sənədləri dərc etdik. Bütün tərəfləri 2030-cu ilə qədər karbonun saxlanmasını 6 dəfə artırmağa, ərzaq itkisini azaltmağa çağırdıq. COP29-dan sonra gələcək yolu müəyyən etmək üçün ABŞ və Çinlə birgə sammit keçirəcəyik”, - o vurğulayıb.
M.Babayevin sözlərinə görə, Azərbaycan COP29-u inklüziv, şəffaf etmək və dünyaya səmimi qonaqpərvərliyini, mədəniyyətini, eləcə də milli irsini göstərmək üçün bütün səylərini göstərib.