Azərbaycan 2035-ci ilə qədər iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsinin həcmini ildə 1,3 trilyon dollara çatdırmaq niyyətindədir.
“Report”un Səmərqəndə ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə cümə günü Beynəlxalq İqlim Forumunda Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev bildirib.
Onun sözlərinə görə, bu məqsədilə "Bakı-Belen" yol xəritəsinin hazırlanmasında bütün maraqlı tərəflərlə fəal şəkildə əməkdaşlıq nəzərdə tutulub.
M.Babayev qeyd edib ki, hər bir ölkə üçün növbəti nəsil milli iqlim planları çərçivəsində öz ambisiyalarını artırmalı olduğu kritik bir il gözlənilir:
"Hamımız emissiyaların azaldılması planlarını hazırlamalıyıq, bunlar "milli səviyyədə müəyyən edilmiş töhfə" kimi tanınır. Bu göstəricilərin sentyabr ayından gec olmayaraq təqdim edilməsi son dərəcə vacibdir. Bu o deməkdir ki, onlar COP30-da ümumiləşdirilə bilər, burada biz Milli Adaptasiya Planlarının həyata keçirilməsində kollektiv irəliləyişimizin nəticələrini - iqlim dəyişikliyinin nəticələrinə necə hazırlaşacağımızı yekunlaşdıra bilərik", - deyə o vurğulayıb.
COP29 prezidenti qeyd edib ki, Azərbaycan belə hesabatların hazırlanmasının mürəkkəbliyini başa düşür.
"Biz Bakıda potensialın artırılması üzrə seminarlar təşkil etdik. Dəstəyin səfərbər edilməsi üçün bütün BMT sistemi ilə əməkdaşlıq etdik. Bu gün HELPS ona ehtiyacı olan hər kəs üçün əlçatandır. Biz həmçinin hesab edirik ki, hamı bu hesabatların mümkün qədər etibarlı və inamlı olmasında birbaşa maraqlıdır. Çünki etibarlı və inamlı hesabatlar "yaşıl" investisiyalara yaşıl işıq yandıra bilər, hədəfləri və müddətləri müəyyən edərək, prioritetləri vurğulayaraq, hökumətin iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini nümayiş etdirərək, şəffaf hesabatlılıq isə bazara güclü siqnallar göndərəcək", - deyə o qeyd edib.
M.Babayev hesab edir ki, belə siqnallar kapitalı cəlb edəcək və ona istiqamət verəcək. "Xanımlar və cənablar, gələcəyimizi formalaşdırmağın yeganə yolu kollektiv fəaliyyətdir. Azərbaycan kiçik bir ölkədir. Biz iqlim böhranı ilə təkbaşına mübarizə apara bilmərik. Buna görə də bizə çoxtərəfli proses lazımdır. Məhz buna görə biz çağırışı qəbul etdik və COP29-u Bakıda təşkil etdik. Və məhz buna görə də biz növbəti illərdə bütün tərəflərlə tərəfdaşlıq əlaqələrinin qurulmasını davam etdirməyi səbirsizliklə gözləyirik", - deyə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi əlavə edib.