Müqəddəs Taxt-Tacın dövlət katibi: COP29 iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişin əldə olunmasına gətirib çıxarmalıdır

COP29
  • 13 noyabr, 2024
  • 08:20
Müqəddəs Taxt-Tacın dövlət katibi: COP29 iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişin əldə olunmasına gətirib çıxarmalıdır

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişin əldə olunmasına gətirib çıxarmalıdır.

"Report" xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pyetro Parolin COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, artıq ikinci dəfədir Azərbaycana səfər etdiyini, hər dəfə daha yaxşı qonaqpərvərliklə qarşılandığını söyləyib:

"COP29 yüksək səviyyədə təşkil olunub. Beynəlxalq ictimaiyyət də uzun müddətdir iqlim dəyişikliyi ilə mübarizə aparmalı olduğumuzu bilir. Amma təəssüflər olsun ki, müvafiq problemlərin həlli istiqamətində tədbirlər çox ləng aparılır. Hesab edirəm ki, bu cür konfranslar iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin həyata keçirilməsində irəliləyiş əldə edilməsinə və həllini tapmasına gətirib çıxarmalıdır".

P.Parolin bildirib ki, artıq ağır iqtisadi borcla üzləşən ölkələrin inkişafını və adaptiv imkanlarını daha da sarsıtmayacaq həll yollarının tapılması üçün səylər göstərilməlidir:

"Ekoloji və iqtisadi borc bir çox ölkənin gələcəyinin asılı olduğu bir-biri ilə əlaqəli iki problemdir".

Kardinal həmçinin Roma Papası Fransiskin varlı ölkələrə əvvəllər qəbul edilmiş qərarların ağırlığını qəbul etmək və ölkələrin onsuz da heç vaxt ödəyə bilməyəcəkləri borclarını bağışlamaq çağırışını təkrarlayıb.

"Bu, səxavət məsələsindən daha çox ədalət məsələsidir. Bu gün biz ədalətsizliyin yeni ciddi formasının şahidi oluruq. Biz bunu, xüsusilə də qlobal şimal və cənub arasında ekoloji borcun mövcudluğunu getdikcə daha çox etiraf edirik. Bu, ticarətdəki disbalansla bağlıdır və ətraf mühitə təsir göstərir. Bu, xüsusilə bəzi ölkələrin uzun müddət ərzində təbii ehtiyatlardan qeyri-mütənasib istifadəsidir", - o bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti