Azərbaycan Paris Sazişi üzrə öhdəliklərini yerinə yetirir, o cümlədən mühüm iqlim məsələlərinin həllinə kömək edəcək Milli Uyğunlaşma Planı hazırlayır.
“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan ölkələr arasında körpü rolunu oynamaqdan, dialoq və əməkdaşlığa töhfə verməkdən qürur duyur.
"2030-cu ilə qədər enerji tələbatımızın 30 %-ni bərpa olunan enerji mənbələrindən təmin etməyi və kənd təsərrüfatı ilə “yaşıl enerji” keçidi arasında sinergiya yaradaraq innovasiyaları tətbiq etməyi planlaşdırırıq. Azərbaycan Paris Sazişi üzrə öhdəliklərini yerinə yetirir. Eyni zamanda bir sıra mühüm məsələlərin həllində kömək edəcək Milli Uyğunlaşma Planı hazırlayır”, - M.Məmmədov bildirib.
O, həmçinin vurğulayıb ki, Azərbaycan ölkələrlə tərəfdaşlıq əlaqələrinin inkişafına, innovasiyaların tətbiqinə və kənd təsərrüfatının iqlim dəyişikliyi ilə mübarizədə qlobal tədbirlərin təməl daşı olaraq qalmasını təmin etməyə sadiqdir.