Bərpa olunan enerji investorları çərçivələrə, vergilərə, təşviqlərə həmişə həssasdır.
“Report” xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin nümayəndəsi Murad Sadıxov COP29 çərçivəsində təşkil olunmuş "Bərpa Olunan Enerjiyə İnvestisiya: Davamlı Gələcəyə Aparan Yollar" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, hazırda hökumət bərpa olunan enerji ilə bağlı avadanlıq və texnoloji təchizatlara görə bütün vergiləri demək olar ki, ləğv edib: "Bu mənada hər kəs materialları bura gətirə bilər. Hazırda yeganə çətinlik, mən deyərdim ki, məhdudiyyətlərdir".
"Masdar" rəsmisi qeyd edib ki, tələbin yaradılmasında hökumət mühüm rol oynayır: "Tələb isə stimullar və fiskal mexanizmlər vasitəsilə yaradıla bilər. Məsələn, enerjinin müəyyən hissəsini istehlak edən kiçik şirkətlərə əgər enerji səmərəliliyi fondu və yaxud hər hansı digər mexanizm vasitəsilə dövlət güzəştlər tətbiq etsəydi, onlar investisiya qoymaqda maraqlı olardılar. Əlbəttə ki, bu, əlverişli maliyyə tənzimləmələri ilə birlikdə gəlməlidir. Belə bir dəyişikliyi yaratmaq üçün hökumətin, maliyyə institutlarının, eləcə də investorların səyləri birləşdirilməlidir".