"Liverpul" Futbol Klubu "Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə COP29 çərçivəsində yaradılan futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansına qoşulub.
"Report" xəbər verir ki, bunu "Liverpul" FK-nın İctimai təsir üzrə direktoru Rişi Jain (Rishi Jain) alyansın yaradılması ilə bağlı təşkil olunan tədbirdə deyib.
R.Jain bildirib ki, “Redway” layihəsi çərçivəsində "Liverpul" Futbol Klubu, iqlim dəyişikliyi ilə mübarizəyə öz töhfəsini vermək üçün "Qarabağ" FK-nın yaratdığı bu yeni alyansa qoşulmaqdan məmnundur: “Bu cür təşəbbüslər, yalnız futbol klublarının deyil, həm də qlobal miqyasda bütün cəmiyyətlərin iqlim dəyişikliyi ilə mübarizədə aktiv rol oynaya biləcəyini göstərir. "Liverpul" olaraq, ətraf mühitin qorunması və icmaların sosial rifahının artırılması istiqamətində gördüyümüz işləri davam etdiririk”.
O əlavə edib ki, COP29 çərçivəsində yaradılan bu alyans futbol dünyasını birləşdirərək, iqlim dəyişikliyinin təsirlərini azaltmağa və dayanıqlı gələcək qurmağa yönəlib: "Biz tərəfdaşlarımızla birlikdə bu mövzuda birgə səylər göstərərək, sosial məsuliyyətimizi yerinə yetiririk”.
R.Jain "Hillsboro faciəsi"ni də xatırladaraq, klubun maarifləndirici proqramları və təhsil təşəbbüsləri ilə gənclərin inkişafına töhfə verdiyini qeyd edib.
“Liverpul" FK yalnız idman sahəsində deyil, sosial məsuliyyət sahəsində də liderliyini təsdiqləyir. Bu cür layihələr vasitəsilə həm yerli, həm də qlobal icmaların rifahını yaxşılaşdırmağa davam edirik”, - deyə o bildirib.