Gələcək COP29 qərar qəbul etmə və fəaliyyət məkanı olacaq.
“Report”un Dubaya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Kot-d’İvuarın meteorologiya xidmətinin direktoru Konate Daouda bildirib.
“Bu, Azərbaycan və digər ölkələr üçün təkcə danışıqlar üçün deyil, həm də fəaliyyət üçün yenidən bir araya gəlmək üçün yaxşı fürsət olacaq. Düşünürəm ki, Azərbaycanda keçiriləcək COP29 qərarlar və fəaliyyət konfransı olacaq”, - o vurğulayıb.
O, COP29-da iştirak etmək niyyətində olduğunu vurğulayıb.
K.Daouda qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransından çox böyük gözləntiləri var:
“Bu barədə danışarkən, iqlim dəyişikliyinin təsirlərindən ən çox təsirlənən ölkələr üçün maliyyə dəstəyinin istiqamətlərini müəyyən etmək üçün qərarların veriləcəyini nəzərdə tuturam”.
Kot-d’İvuardan olan nümayəndə əlavə edib ki, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yardımı onların hazırkı şəraitdə daha dayanıqlı olmasına və yeni vəziyyətə uyğunlaşmasına imkan verəcək.
“Azərbaycanın bu məsələlər üzərində işləməklə tarix yazmaq şansı var. Hesab edirəm ki, məhz Azərbaycanda bir çox ölkələrin İqlimlə Mübarizə Fonduna töhfə verməyi öhdəsinə götürdüyü vəsaitlərin bölüşdürülməsi və düzgün idarə olunması ilə bağlı qərarlar qəbul ediləcək. COP28-də bu fondun yaradılması qərara alınıb. Konfransın keçiriləcəyi növbəti ölkədə isə bununla bağlı qərarlar veriləcək”, - o deyib.
Qeyd edək ki, dekabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının - COP29-un 29-cu sessiyasının gələn il Azərbaycanda keçirilməsi rəsmən elan edilib.