Paris İqlim Razılaşmasının 6-cı maddəsinin icrası həm ikitərəfli, həm də çoxtərəfli müqavilələr əsasında təmin edilməlidir.
"Report" xəbər verir ki, bunu Keniya Nazirlər Kabinetinin birinci katibi Muzalio Mudavadi "COP29 çərçivəsində İqlim dəyişmələrinin su hövzələrinin azalmasına mənfi təsirləri" mövzusunda Dünya liderlərinin təqdimatı tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, iqlim fəlakəti təbiətə və infrastruktura ciddi ziyan vurub:
"Buna görə də bizim həmrəyliyə ciddi ehtiyacımız var. İqlim dəyişikliyi ilə mübarizə yalnız tərəflər arasında maliyyələşmə ilə bağlı razılıq əldə edildikdə mümkün olacaq. Qlobal adaptasiya məqsədlərinin reallaşması, eləcə də bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması da önəmlidir. 6-cı maddənin icrası həm ikitərəfli, həm də çoxtərəfli müqavilələr əsasında təmin edilməlidir.
Biz daha əvvəl maliyyə mexanizmlərinin icrasından danışdıq. Ölkəmizin bu sahədəki mövqeyi dəyişməzdir. Qlobal transformasiya ildə 4-6 milyard dollar tələb edir. Əlbəttə ki, bu sahədə ən böyük məsuliyyət iri maliyyə institutlarının üzərinə düşür. Hesab edirik ki, erkən xəbərdarlıq sisteminin tətbiqi potensialımızı artıracaq və zərərli tullantıların səviyyəsini azaldacaq".
M.Mudavadinin sözlərinə görə, bu gün Keniyada analoqu olmayan istilər müşahidə edilir: "Son dövrlərdə ölkəmizdə meydana gələn sel fəlakəti nəticəsində 250 nəfərdən çox insan həlak olub. Azərbaycan bizim burada müzakirə olunan məsələlərdə həmrəy olmağımızı təklif edir".
Qeyd edək ki, Paris İqlim Razılaşmasının 6-cı maddəsinə əsasən tərəflər, davamlı inkişaf və yoxsulluğun aradan qaldırılması kontekstində, əlaqələndirilmiş və səmərəli tərzdə, digər vasitələrlə birlikdə, o cümlədən yumşaltma, uyğunlaşma, maliyyə, texnologiyanın ötürülməsi və potensialın artırılması vasitəsilə onlara milli səviyyədə müəyyən edilmiş töhfələrinin həyata keçirilməsinə yardım üçün mövcud olan inteqrasiya olunmuş, bütöv və balanslaşdırılmış qeyri-bazar yanaşmalarının vacibliyini qəbul edirlər.