Ekoloji problemlərlə üzləşən Afrika xalqları neokolonializm məsələsini qaldırmaq üçün “COP29” platformasından istifadə etməlidirlər.
Bunu “Report”a müsahibəsində məşhur fəal və Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan Kemi Seba deyib.
“Əvvəlki COP iqlim konfranslarında təəssüf ki, hegemon ölkələrin öz ucqar ada ərazilərində ekoloji problemlərə məhəl qoymaması məsələsi qaldırılmayıb. Hesab edirəm ki, bu, neoliberal siyasət tərəfdarlarının mövzunu müzakirə etməkdən yayınması ilə bağlıdır. Bunun arxasında Afrikadakı torpaqlarımızı sadə ekoloji standartlara belə əməl etmədən istismar edən dövlətlər dayanır. Beynəlxalq korporasiyalar Afrikaya dağıdıcı yanaşmaları ilə meşələrimizi və ətraf mühitimizi məhv edir, mineral ehtiyatlarımızı istismar etməklə yanaşı resurslarımızı tükəndirir. Buna görə də Afrika öz səsini ucaltmalı və ekoloji problemləri neokolonializmlə əlaqələndirərək COP konfransında bu məsələni qaldırmalıdır”, - o deyib.
Fəal qeyd edib ki, əgər Bakıda keçiriləcək COP29 konfransında iştirak etmək imkanı verilsə, Afrika qitəsində ətraf mühitin məhv edilməsi məsələsini qaldıracaq:
“Əgər Bakıda COP29-da iştirak etmək imkanım olsa, tezisim çox sadə olacaq. Mən deyəcəyəm ki, bu gün Qərb Afrikanın təbii sərvətlərini necə həyasızcasına talayır. Hazırda xalqların ənənəvi yaşayış mühitini və qlobal Cənub ekologiyasını məhv edən Qərbin psevdoekoloji yanaşmasına qarşı mübarizə aparmaq lazımdır. Qərb ölkələrinin ekologiyası yalnız maddi dəyərlərə əsaslanır, Afrika ölkələrinin ekologiyası isə mənəvi, metafizik ölçüyə malik ekologiyadır. Biz dünya ekologiyasını müstəmləkəsizləşdirməli və insanla təbiət arasında harmoniya yaratmalıyıq”.
“URGENCES PANAFRICANISTES” adlı QHT-nin rəhbəri bildirib ki, onun təşkilatı neokolonializmə qarşı mübarizə və Afrika qitəsində sosial ədalətin bərqərar olması ilə birləşən müxtəlif pan-afrikalı strukturlarla sıx əməkdaşlıq edir. Fəal Qərbin neokolonializmi ilə mübarizə üçün Bakı Təşəbbüs Qrupu ilə əlaqə yaratmağın vacibliyini xüsusilə vurğulayıb: “Biz qrup ilə ortaq mövqe tapmışıq və bu məsələlərdə tədricən eyni istiqamətdə irəliləyirik”.
Fransız neokolonializminin aparıcı tənqidçisi qeyd edib ki, beynəlxalq platformalarda Afrika nümayəndələrinə inamın olmamasına baxmayaraq, bu, onların öz səslərini və tələblərini dünya səhnəsində eşitdirməyə mane olmur.
“Amma mən inanıram ki, COP29 Afrikanın ekoloji problemləri kontekstində səsimizi eşitdirmək üçün bir fürsət ola bilər. Bakıda konfransda iştirak etmək imkanı yaranarsa, mən bütün bu problemləri səsləndirəcəyəm”.
Qeyd edək ki, K.Seba Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri kimi tanınır və neokolonializmlə fəal mübarizə aparır. O, həm də Fransa neokolonializminin əsas tənqidçilərindən biridir.
K.Seba 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olub. 2024-cü ildə Fransa hökuməti Parisin müstəmləkəçilik siyasəti nəticəsində Afrika ölkələrinə vurduğu ziyana görə ölkə hakimiyyətini açıq şəkildə tənqid etdiyi və Fransanın dənizaşırı ərazilərinin müstəqilliyi uğrunda hərəkatları dəstəklədiyi üçün onu vətəndaşlıqdan məhrum edib.
Fransa hakimiyyəti K.Sebanı mövqeyindən geri çəkilməyə məcbur etmək üçün dəfələrlə həbs edib.
Fransa vətəndaşlığını itirməsinə cavab olaraq Niger prezidenti K.Sebanı xüsusi müşavir təyin edib, bir sıra Afrika ölkələri isə ona diplomatik pasport verib.
K.Sebanın müxtəlif sosial şəbəkələrdə geniş auditoriyası var – o, “Facebook”da 1,3 milyon, “TikTok”da 370 min, “Instagram”da 306 min, “X”da 280 min, “YouTube”da isə 230 min izləyiciyə malikdir.