Orta Dəhliz Avropadan Asiyaya standart marşrutlara sərfəli alternativdir.
Bu barədə “Report”a açıqlamasında Beynəlxalq Nəqliyyat Forumunun (ITF) baş katibi Kim Yanq Tae bildirib.
Onun sözlərinə görə, Orta Dəhliz Asiya və Avropanı birləşdirən ən real variantlardan biridir.
"Azərbaycan, Türkiyə və Qara dəniz hövzəsi ölkələri həqiqətən bu dəhlizin inkişafına diqqət yetirir. Bu barədə müzakirələr indi çox aktualdır, çünki ənənəvi marşrutlarda çoxlu sayda qeyri-müəyyənliklərlə üzləşirik", - baş katib qeyd edib.
Qeyd edək ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropa ölkələrinə qədər uzanır. 2023-cü ildə bu marşrutla 2,7 milyon ton yük (2022-ci ilə nisbətən 86 % çox) daşınıb, 2024-cü ildə yük axını 4 milyon tonu ötə bilər.