Azərbaycan enerji səmərəliliyi və iqlim fəaliyyətində liderliyi nümayiş etdirmək üçün unikal rola malikdir.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktorun müavini Meri Brus Vorlik BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Azərbaycanda Enerji səmərəliliyi siyasəti: Yol xəritəsi"nin təqdimatında deyib.
Onun sözlərinə görə, IEA üçün enerji səmərəliliyi "təmiz enerji"yə qlobal keçiddə çox mühüm məqamdır. "Paris Sazişi"nin öhdəliklərini yerinə yetirməklə enerji səmərəliliyinin artırılması daha yaşıl və dayanıqlı iqtisadiyyatlara gedən yolda çox vacibdir: “COP29-un ev sahibi kimi Azərbaycan enerji səmərəliliyi və iqlim fəaliyyətində liderliyi nümayiş etdirmək üçün unikal rola malikdir. Eyni zamanda, Azərbaycanın enerji sistemi mühüm mərhələdən keçir".
O bildirib ki, bu yol xəritəsi Azərbaycanın əhəmiyyətli enerji qənaətini təmin etmək üçün ata biləcəyi konkret addımları da ehtiva edir: "COP29-dakı bu mühüm an Azərbaycan, həmçinin onun hüdudlarından kənarda daha dayanıqlı, səmərəli və güclü gələcəyə doğru keçid kimi qəbul edilməlidir. Ümid edirik ki, bugünkü tədbir və proqram Azərbaycan, eləcə də region üçün faydalı olacaq".