İqlim dəyişikliyinə dair riskləri azalda bilmək üçün ölkələrin ticarət və investisiyaya yanaşmasında daha çox dəyişikliyə ehtiyac duyulur.
Bunu "Report"a açıqlamasında COP29-da iştirak edən Çinin Honq-Konq Universitetinin professoru Alfred Ho bildirib.
Onun sözlərinə görə, COP29 çox mühüm konfransdır: “Burada Honq-Konq Universitetindən 30-a yaxın tələbə də iştirak edir. Davamlı inkişaf, iqlimin maliyyələşdirilməsi haqqında daha çox öyrənmək və iqlim gündəmini inkişaf etdirmək üçün qlobal idarəetmə və çoxtərəfli əməkdaşlığı araşdırmaq istəyirik”.
A.Ho deyib ki, COP29-da iqlim mövzusu ilə bağlı məsələlərə təkcə hökumətlərin deyil, özəl sektorun və maliyyə sektorunun da cəlb edilməsinə ciddi önəm veriləcək: "Vaxtımız tükənir və "yaşıl enerji" ilə bağlı daha çox infrastruktura ehtiyacımız var. İqlim dəyişikliyinə dair riskləri azalda bilmək, həmçinin potensial risklərə uyğunlaşmaq üçün ölkələrin ticarət və investisiyaya yanaşmasında daha çox dəyişikliyə ehtiyac duyulur. Bəlkə də gələcəkdə dəniz səviyyəsi yüksək olacaq, temperatur daha da artacaq. Buna görə də "yaşıl enerji" ilə bağlı infrastrukturun genişləndirilməsinə böyük ehtiyac var. Ümid edirəm ki, COP29-da təkcə müxtəlif ölkələrin rəsmilərini deyil, həm də maliyyə, biznes və təchizat zənciri kimi sahələrin nümayəndələrini bir araya gətirmək imkanı olacaq".