Qadınlar qlobal iqlim problemlərinin fəsadlarının aradan qaldırılması prosesinə cəlb edilməli, onlara bunun üçün maliyyə vəsaiti ayrılmalıdır.
"Report" xəbər verir ki, bunu İqlim Dəyişikliyi üzrə Beynəlxalq və Yerli Xalqlar Forumunun həmsədri, vəkil Hindu Umaru İbrahim COP29 çərçivəsində keçirilən "Gender, iqlim və təhlükəsizlik əlaqəsi: münaqişələrin təsir etdiyi ərazilərdə ətraf mühitin mühafizə və bərpa səylərində qadınların rolu" adlı müzakirədə deyib.
Onun sözlərinə görə, qadınların qərar qəbul edən təsisatlara çıxışı, prosesdə iştirakı vacibdir:
"Çünki qərarların qəbulunda qadınlar iştirak edə bilmirlər, kişilər sülh və təhlükəsizliklə məşğul olurlar. Onlar sülh və təhlükəsizlik haqqında danışarkən vəzifələrdə yalnız kişilər oturur və cəmiyyətin digər kəsimi üçün sülh və əmin-amanlığın təmin edilməsindən danışırlar. Görəsən qadınlar niyə təmsil oluna bilməzlər?"