Hartmut Höpner: “Əsas məqsəd 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmaqdır”

Hartmut Höpner: “Əsas məqsəd 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmaqdır” Avtomobil sənayesi qlobal bir sistemdir və heç bir ölkə bu çağırışı təkbaşına həll edə bilməz. Almaniya beynəlxalq səviyyədə Avropa İttifaqı, ABŞ və cənub ölkələri ilə əməkdaşlığa dəvət edir
COP29
20 Noyabr , 2024 16:05
Hartmut Höpner: “Əsas məqsəd 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmaqdır”

Əsas məqsəd 2050-ci ilə qədər bütün dünyada sıfır karbon emissiyasına nail olmaqdır.

"Report" xəbər verir ki, bunu Almaniyanın Federal Rəqəmsallaşma və Nəqliyyat Nazirliyinin dövlət katibi Hartmut Höpner COP29 çərçivəsində keçirilən “Nəqliyyatın Dekarbonizasiyası: Mülki aviasiya, dəniz və daxili nəqliyyat üçün siyasət və strategiyalar” mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, bu hədəf xüsusilə nəqliyyat sektorunda qalıq enerjilərdən istifadənin yüksək səviyyədə təşkil olunmasını nəzərə aldıqda daha da mürəkkəb və çətin bir məqsəddir: “Biz iqtisadiyyatımızı və cəmiyyətimizi yenidən düşünməli və yenidən qurmalıyıq. Bu, yalnız istəyimizdən deyil, iqlim dəyişikliyi ilə mübarizədə bir zərurətdən irəli gəlir”.

H. Höpner həmçinin Almaniyanın avtomobil sənayesindəki ənənələrinə toxunub və elektrik mobilliyinə keçidin ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Bizim avtomobil sənayemiz daxili yanma mühərrikləri ilə işləyən avtomobillərin istehsalı və satışında çox uğurludur. Lakin indi elektrik mobilliyinə keçmək məcburiyyətindəyik. Bu, tamamilə fərqli bir məhsuldur və fərqli təchizat zəncirləri tələb edir. Burada iş yerləri, sosial rifah və cəmiyyətin sabitliyi kimi vacib məsələlər var. Uğursuzluq qəbul edilə bilməz.”

O əlavə edib ki, bütün çətinliklərə baxmayaraq, dekarbonizasiya yeni imkanlar yaradır: “Dekarbonizasiya yalnız iqlim dəyişikliyi ilə mübarizə deyil, həm də biznesi daha dayanıqlı etmək üçün bir şansdır. Almaniya yenilikçi texnologiyalara diqqət yönəltməklə avtomobil sənayesində liderliyini qoruyub saxlayaraq bu prosesi üstünlüyə çevirə bilər”.

H. Höpner beynəlxalq əməkdaşlığın əhəmiyyətini də vurğulayıb: “Avtomobil sənayesi qlobal bir sistemdir və heç bir ölkə bu çağırışı təkbaşına həll edə bilməz. Almaniya beynəlxalq səviyyədə Avropa İttifaqı, ABŞ və cənub ölkələri ilə əməkdaşlığa dəvət edir.”

Son xəbərlər

Orphus sistemi