Karbon tutulması enerji sektorunda daha böyük rol oynamağa başlayır.
"Report" xəbər verir ki, bunu "GE Vernova" şirkətinin davamlılıq üzrə baş direktoru Roçer Martella (Rocher Martella) COP29 çərçivəsində keçirilən "Karbon emissiyalarının tutulması: Daha təmiz gələcək üçün innovasiya" tədbirində bildirib.
"Həm hidrogen, həm də karbon tutulması üzərində işləyirik. Turbinlərimiz 2030-cu ilə qədər 100 % hidrogenə hazır olacaq. Amma bir çox insan hidrogenin daha yaxşı istifadə edilə biləcəyini düşünür. Qeyd etmək istərdim ki, hazırda karbon tutulması enerji sektorunda daha böyük rol oynayır. Çünki hidrogenin nəqliyyatda istifadə edilməsi ehtimalı varsa, karbon tutulması enerji üçün daha da vacib amilə çevrilir", - o vurğulayıb.
Onun sözlərinə görə, karbon emissiyalarının tutulması həm elektrikləşdirmə, həm də dekarbonizasiya üçün də mühüm əhəmiyyət kəsb edir: "Bu, həmçinin sənaye daxil olmaqla bir çox müxtəlif istiqamətlərdə istifadə oluna bilər. Lakin bununla bağlı konsepsiyanı inkişaf etdirmək üçün dövlət və özəl sektorla əməkdaşlıq etmək, tərəfdaşlıq qurmaq və işləmək istəyirik. Məqsədimiz qaz turbinlərimizin həm hidrogen, həm də karbon tutulması vasitəsilə dekarbonizasiya edilə biləcəyi səviyyəyə çatmaqdır".