Moldovalı nazir: Bir trilyon dolları toplamaq üçün "Bakı-Belen yol xəritəsi"nin işə salınması ilə bağlı razılaşmanı alqışlayırıq

Moldovalı nazir: Bir trilyon dolları toplamaq üçün "Bakı-Belen yol xəritəsi"nin işə salınması ilə bağlı razılaşmanı alqışlayırıq Moldova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı ölkələrin iqlim dəyişikliyi ilə mübarizə üçün əlavə 1 trilyon ABŞ dolları toplamaq üçün "Bakı-Belen yol xəritəsi"ni işə salmaq barədə razıl
COP29
2 Dekabr , 2024 12:53
Moldovalı nazir: Bir trilyon dolları toplamaq üçün Bakı-Belen yol xəritəsinin işə salınması ilə bağlı razılaşmanı alqışlayırıq

Moldova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı ölkələrin iqlim dəyişikliyi ilə mübarizə üçün əlavə 1 trilyon ABŞ dolları toplamaq üçün "Bakı-Belen yol xəritəsi"ni işə salmaq barədə razılığa gəlməsini alqışlayır.

Bu barədə “Report”un Şərqi Avropa bürosuna Moldovanın ətraf mühit naziri Sergiu Lazarenku bildirib.

Onun sözlərinə görə, Moldova hesab edir ki, 1,3 trilyon dollar rəqəmi inkişaf etməkdə olan ölkələrin iqlim təsirlərinin artmasından qorunması və aşağı karbonlu yola keçməsi üçün lazım olan maliyyələşdirmə səviyyəsinə xeyli yaxındır.

S.Lazarenku vurğulayıb ki, Bakıda əldə edilmiş 2035-ci ilə qədər ildə azı 300 milyard ABŞ dolları ayrılması ilə bağlı yeni hədəf əvvəlki hədəfdən üç dəfə çoxdur: “Bu, inkişaf etməkdə olan ölkələr üçün emissiyaların azaldılması və iqlim dəyişikliyinin artan təsirlərinin aradan qaldırılması ilə bağlı ehtiyac duyulan maliyyənin səfərbər edilməsinə yönəlib”.

"Daha çox maliyyələşdirmənin cəlb edilməsi ilə yanaşı, yeni hədəfin qəbul edilməsi maliyyənin keyfiyyəti və əlçatanlığı problemini həll etmək üçün də imkan yaratdı. Məsələn, Moldova Respublikası ilə bağlı maliyyələşdirmə növü (qrantlar, kreditlər və onlara nə qədər asan çıxış əldə etmək) onların məbləği qədər vacibdir. Hesab edirik ki, maliyyənin ən həssas ölkələrə çatmasını təmin etmək üçün vəsaitlərin bölüşdürülməsi diqqət mərkəzində saxlanılmalıdır", - o qeyd edib.

Nazir bildirib ki, zəngin ölkələrin iqlim maliyyələşdirməsinin daha əhəmiyyətli artımına razılaşmamasından təəssüflənib.

S.Lazarenku COP29-da iki həftəlik gərgin danışıqlardan sonra iqlim maliyyəsinin yeni hədəfi barədə razılaşmanın əldə edilməsinin vacibliyindən danışıb: “Razılaşma regionlardan, gəlir səviyyələrindən və ya xərc növlərindən asılı olaraq konkret maliyyə hədəflərinin müəyyən edilməsi kimi daha konkret tələblərdən yan keçir”.

"Bu, bizdə emissiyaların azaldılması və iqlim dəyişikliyinin artan təsirlərinin həlli üçün kifayət qədər maliyyələşmə əldə etmək uğrunda mübarizə aparmalı olacağımız barədə narahatlıq yaradıb", - o bildirib.

Nazirin sözlərinə görə, inkişaf etməkdə olan ölkələr, həmçinin beynəlxalq maliyyə institutları ilə əlavə islahatlar üzərində işləmək, innovativ maliyyələşmədən istifadə və kapitalın artırılması, habelə Qlobal Həmrəylik Vergiləri üzrə Hədəf Qrupunda iştirak da daxil olmaqla 300 milyard ABŞ dolları hədəfinə çatmaq yollarını öyrənə bilərlər:

"Bizim fikrimizcə, bütün maliyyə sisteminin - özəl sektor, ölkələrin öz resursları və milli inkişaf bankları da daxil olmaqla - öz maliyyə axınlarını Paris Sazişinin məqsədlərinə uyğunlaşdırması və genişləndirməsi üçün daha çox iş görülməlidir".

S.Lazarenku əlavə edib ki, ölkələr irəli getmək üçün iqlim maliyyələşməsi məsələlərində daha yüksək hədəflər qoymaqla yanaşı, bu öhdəlikləri yerinə yetirməyə davam etməlidirlər.

Son xəbərlər

Orphus sistemi