Dünya artıq qlobal temperaturun 1,5 dərəcədən yuxarı artmasının astanasındadır və “Milton” qasırğası kimi dəhşətli nəticələr müşahidə olunur.
“Report” xəbər verir ki, bunu BMT Baş katibinin müavini Əminə Ceyn Məhəmməd Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) açılışı zamanı deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyəti müxtəlif mübarizə tədbirləri gördüyü üçün insanların hələ də ümidi var.
"COP29 bu impulsu inkişaf etdirməli, ambisiya və götürülmüş öhdəlikləri real iqtisadi nəticələrə çevirməlidir. Noyabrda biz inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemin miqyasına uyğun gələn yeni iddialı iqlim maliyyəsi hədəfini razılaşdırmalıyıq", – o bildirib.
Ə.Məhəmməd dünya ictimaiyyətini iqlim dəyişikliyi ilə mübarizədə məqsədyönlülüyü, kompromis ruhunu və qlobal həmrəyliyi qorumağa çağırıb.
"Bugünkü narahat və parçalanmış dünyada 1,5 dərəcə hədəfinə çatmaq və iqlim böhranının ön cəbhəsində olanları qorumaq üçün kollektiv səylərimizi ikiqat artırmalıyıq", - o vurğulayıb.