COP29 və iqlim, innovasiya, ticarət sahəsində CAREC tərəfdaşlığının irsi üzv ölkələr üçün əsas inkişaf istiqamətidir.
“Report” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi, COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov COP29 çərçivəsində keçirilən "İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığı üzrə Nazirlər Görüşü"ndə deyib.
“COP29 sədrliyi olaraq, artıq çox iddialı və hərtərəfli fəaliyyət gündəliyini təqdim etmişik: 14 qlobal və 8 regional təşəbbüs. CAREC-ə üzv ölkələri bu təşəbbüslərə qoşulmağa və dəstəkləməyə dəvət etmək istəyirəm”, - o vurğulayıb.
E. Məmmədov, iqlim maliyyəsi, investisiya və ticarət sahəsində Bakı Təşəbbüsünün (BICFIT) əhəmiyyətini də xüsusi qeyd edib: “Bu gün BICFIT dialoquna uğurla start verdik. İnanıram ki, İqlim İnnovasiyası və Ticarət üzrə CAREC Tərəfdaşlığı regional irs olaraq fəaliyyət göstərəcək və BICFIT dialoqunun həyata keçirilməsini tamamlayacaq. COP29 sədrliyi dövründə bütün bu təşəbbüslərin hazırlanmasında əməkdaşlığa görə Asiya İnkişaf Bankına təşəkkür edirəm. Bütün iştirakçı ölkələri COP29 sədrliyinin qlobal təşəbbüslərini dəstəkləməyə dəvət edirəm”.