Ekspert: COP29-la iqlim böhranını həll etmək üçün siyasi iradə nümayiş etdiriləcək

Ekspert: COP29-la iqlim böhranını həll etmək üçün siyasi iradə nümayiş etdiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı emissiyaların azaldılması üzrə iddialı hədəflərin müəyyən edilməsinə, iqlimin maliyyələşdirilməsi platformasının yaradılmasına və iqlim dəyişikliyi böhranının aktuallığı barədə qlo
COP29
16 İyul , 2024 13:54
Ekspert: COP29-la iqlim böhranını həll etmək üçün siyasi iradə nümayiş etdiriləcək

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı emissiyaların azaldılması üzrə iddialı hədəflərin müəyyən edilməsinə, iqlimin maliyyələşdirilməsi platformasının yaradılmasına və iqlim dəyişikliyi böhranının aktuallığı barədə qlobal məlumatlılığın artırılmasına kömək edir.

Bu barədə “Report”a açıqlamasında iqlim dəyişikliyi üzrə ekspert Qarikay Nhonqo məlumat verib.

“Dünya liderlərini, siyasətçiləri, alimləri, fəalları və media nümayəndələrini bir araya gətirməklə COP iqlim dəyişikliyini qlobal gündəmdə tutmağa və ictimai dəstəyi səfərbər etməyə kömək edir”, - o vurğulayıb.

COP29 ilə bağlı gözləntilərindən danışan ekspert vurğulayıb ki, uğurlu konfransla bir neçə əsas nəticələr əldə oluna bilər: “Söhbət istixana qazlarının emissiyalarını azaltmaq üçün iddialı və məcburi hədəflər haqqında razılaşmaların əldə olunmasından, inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün inkişaf etmiş ölkələrin üzərlərinə öhdəliklər götürməsindən, həmçinin iqlim böhranı şəraitində inkişaf etməkdə olan ölkələrin artan ehtiyaclarını ödəmək üçün əlavə maliyyələşdirmədən gedir”.

Onun sözlərinə görə, COP29-un uğurlu keçirilməsi ilə iqlim böhranını həll etmək, resursları səfərbər etmək, qlobal istiləşməni məhdudlaşdırmaq üçün qətiyyətli tədbirlər görmək, hamı üçün daha dayanıqlı və davamlı gələcək qurmaq üçün güclü siyasi iradə nümayiş etdiriləcək.

Q.Nhonqo bildirib ki, iqlim dəyişikliyi bir çox Afrika ölkəsi üçün böyük problemdir.

Ekspert hesab edir ki, qlobal istixana qazları tullantılarının ən kiçik hissəsi Afrika ölkələrinin payına düşsə də, bu dövlətlər iqlim dəyişikliyinin təsirindən qeyri-mütənasib şəkildə əziyyət çəkir:

“Bu problemi Afrika yaratmayıb, lakin onun təsiri bütün qitədə hiss olunur”.

O əlavə edib ki, Afrika qitəsində mövcud iqlim vəziyyətinin obyektiv həlli “yaşıl enerji”yə keçid olacaq:

“Afrika ölkələri “yaşıl enerji” sektorlarını inkişaf etdirə, qazıntı yanacaqlardan asılılığını azalda və qitə üçün daha davamlı və aşağı karbonlu enerji gələcəyinin yaradılmasına töhfə verə biləcək”.

Son xəbərlər

Orphus sistemi